Nazirlikdən qalmaqal yaradan kitabla bağlı Açıqlama

Nazirlikdən qalmaqal yaradan kitabla bağlı Açıqlama
  01 Sentyabr 2015    Oxunub:7487
Ötən gün sosial şəbəkələrdə fotosu paylaşılan ali məktəbə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının Ermənistan bayrağının rəngində olması ciddi müzakirələrə yol açıb.
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov özünün rəsmi facebook səhifəsində bu məsələyə münasibət bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, sosial şəbəkələrdə fotosu paylaşılan həmin kitab Təhsil Nazirliyi tərəfindən dərc edilməyib: “Ötən gün bəzi saytlarda, eləcə də sosial şəbəkələrdə fotosu paylaşılan "Azərbaycan tarixi" məlumat kitabı dərslik deyil, üz qabığından da göründüyü kimi ali məktəblərə hazırlaşanlar üçün məlumat kitabçasıdır. Bu məlumat kitabçasının Təhsil Nazirliyinə heç bir aidiyyatı yoxdur. Hissiyata qapılan bir çox sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, kitabçaya, müəllifə və bütövlükdə kitabçanın üz səhifəsinə diqqətlə baxsınlar. Kitabın dizaynı, forması, məzmunu və rəngini müəllif seçir. Burada da bütün məsələlərə həmin müəllif cavabdehlik daşıyır. Bir daha qeyd edirəm ki, Təhsil Nazirliyi bu adda, dizaynda və rəngdə heç bir kitab sifariş etməyib”.

Qeyd edək ki, "Didaktika" Nəşriyyatının çap etdirdiyi kitab ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi kursu və TQDK-nın ali məktəblərə qəbul proqramı əsasında hazırlanıb və 3 AZN-ə satılır. Kitabın üz qabığı qırmızı, göy və sarı rənglərlə dizayn edildiyindən Ermənistan bayrağına bənzəyir.




Teqlər:





Xəbər lenti