Nazim İbrahimov prezidentlə görüşdü

Nazim İbrahimov prezidentlə görüşdü
  08 Oktyabr 2015    Oxunub:2667
Oktyabrın 7-də Bolqarıstan prezidenti Rosen Plevneliev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının sədri Nazim İbrahimovu qəbul edib.
Komitənin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, prezident Rosen Plevneliev rəsmi Sofiyanın ölkəmizlə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan Bolqarıstanın mühüm tərəfdaşlarından biridir. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, mərkəzin təşəbbüsü ilə həyata keçirilən layihələri təqdir etdiyini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri Nazim İbrahimov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə Bolqarıstan prezidentinə minnətdarlığını bildirib.

Qəbulda gələn ilin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulan Qlobal Bakı Forumunun IV toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb. Nazim İbrahimov Azərbaycan prezidenti İlham Əliyevin bu foruma xüsusi əhəmiyyət verdiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə hər zaman diqqət və qayğı göstərdiyini vurğulayıb. O qeyd edib ki, məhz İlham Əliyevin dəstəyi sayəsində bu forum qlobal problemlərin müzakirə edildiyi mühüm bir platformaya çevrilib.

Bolqarıstanın dövlət başçısı böyük məmnuniyyətlə Forumda iştirak etmək arzusunda olduğunu qeyd edib.

AzVision.az





Teqlər:





Xəbər lenti