Narkomanların yeni statistikası

Narkomanların yeni statistikası
  26 İyul 2016    Oxunub:1850
Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşrutlarını birlikdə təhlil edib və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görüb, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.
AzVision.az-ın xəbərinə görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev məqaləsində yazıb.

O, qeyd edib ki, 2016-cı ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1439 fakt aşkar edilib ki, onlardan 375-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1006-sı satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını qanunsuz olaraq əldə etmə və saxlama, 43-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 15-i isə digərləri təşkil edib.

Qeyd olunub ki, aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 520 kq 018,497 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub, müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 294 kq 108,305 qr marixuana (19,3%), 169 kq 501,11 qr tiryək (11,2%), 1 ton 037 kq 427,41 qr heroin (68,2%), 16 kq 290,255 qr həşiş (1,1%), 2 kq 488, 884 qr digərləri (0,2%), 154,220 qr psixotrop maddələr və 11828 ədəd həb təşkil edib.

Həmçinin “Xaş-Xaş 2016” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib-becərilən və yabanı halda bitmiş 56 kq 399,885 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib:

“Cinayət məsuliyyətinə 850 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 63-ü 18 -25 yaşadək, 149-u 30 yaşadək, 637-si 30 yaşdan yuxarı, 7-si fəhlə, 3-ü qulluqçu və ya maddi məsul şəxs, 754-ü işləməyənlər, 840-ı kişilər, 10-u qadınlar,10 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2015-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.555 nəfər qeydiyyatda olub ki, onlardan 23.153 nəfəri dispanser, 5.402 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 592 nəfəri qadın, 158 nəfəri toksikoman, 20.036 nəfəri (437 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2015-ci ildə 2.017 nəfər yeni qeydiyyata götürülüb, 2.118 nəfər isə qeydiyyatdan çıxarılıb”.

AzVision.az


Teqlər:  





Xəbər lenti