Nardaran olayı ilə bağlı ziyalılara çağırış

Nardaran olayı ilə bağlı ziyalılara çağırış
  01 Dekabr 2015    Oxunub:4297
“Nardaran hadisələri göstərdi ki, təhsildə ciddi islahatlar aparılmalıdır”
AzVision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.

MŞ sədri bildirib ki, din pərdəsi altında bir qrup Azərbaycanın konstitusiya quruluşunu devirmək və özlərinə məxsus teokratik bir quruluş-dini dövlət bərqərar etmək istəyir:

“Azərbaycan Konstitusiyası, o cümlədən, ölkənin ayrı-ayrı qanunvericilik aktları ilə də bu sayaq hadisələri törədənlər ciddi cəzalandırıla bilər. Düşünürəm ki, ərazi bütövlüyü, dövlət çevrilişi ilə bağlı olan cəhdləri edənlər qanunauyğun olaraq ciddi cəzalarını almalıdır. Çünki heç bir halda dövlətin konstitusion quruluşunu devirmək, dəyişmək olmaz. Burada ikinci narahatedici məqam müxalifətin silahlı olmasıdır. Müxalifət silahlanır. Bu gün zəif hücumun qarşısı alınır, ancaq sabah onun qarşısı alınmasa və bu sayaq hallar başqa rayonlarda da həyata keçirilərsə, ölkəmizin gələcəyi üçün kifayət qədər ciddi problemlər yarada bilər. Bu baxımdan, məsələyə ciddi yanaşmaq lazımdır. Hazırda hüquq-mühafizə orqanları, Daxili Qoşunlar öz missiyalarını layiqincə yerinə yetirirlər”.

Deputat bu hadisəyə ictimaiyyətin yetərli təpkisinin çatışmadığını və ziyalıların məsələ ilə bağlı münasibətinin eşidilmədiyini vurğulayıb: “Bu sayaq məqamlarda ziyalı təpkisi kifayət qədər ciddi olmalıdır. Siyasi yönündən asılı olmayaraq bütün insanlar - öz dövlətlərini sevənlər, öz ölkələrinin gələcəyi üçün narahat olanlar - kəskin münasibətlərini bildirməlidirlər. Bununla yanaşı, ölkədə aparılan islahatlarda təhsillə bağlı məqam daha çox önə çəkilməlidir. Çünki bunlar məhz təhsilin yaratdığı problemlərdir ki, 7 yaşında bir uşaq baş verən hadisələrə siyasi qiymət verir. O, bildirir ki, “din həmişə siyasi olub, quldur polislər gəldilər qardaşlarımızı şəhid etdilər, biz də şəhid olacağıq”. 7 yaşlı uşaq böyüyəcək və 30-50 yaşları olanda da bu sayaq fikirlər söyləyəcək. Ona görə biz təhsil sahəsində çox ciddi islahatlar həyata keçirməliyik”.

Əflatun Amaşov Nardaran hadisələrinin işıqlandırılmasında Azərbaycan mediasının əksəriyyətinin obyektiv, operativ və dövlətçi mövqe mümayiş etdirdiklərini də xüsusilə vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti