Müsavat Əli Kərimlinin cavabını verdi

Müsavat Əli Kərimlinin cavabını verdi
  02 Oktyabr 2014    Oxunub:3093
“Əli Kərimli qurultaya gəlsəydi böyük məmnuniyyətlə ona və onunla birlikdə gələn bir-iki nəfərə yer tapılardı”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı AXCP sədri Əli Kərimlinin iradlarına cavab olaraq bildirib.

T.Abbaslı Ə.Kərimlinin “Azadlıq radisou”na verdiyi müsahibədə Müsavatla bağlı səsləndirdiyi itttihamlara toxunaraq AXCP sədrinin haqsız olduğunu qeyd edib:
“Burada danılacaq bir şey yoxdur. Əksinə biz maraqlı olmalı idik ki, Azərbaycan siyasi səhnəsini əhatə edən partiyalar, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, yaxud da digər dövlətlərdən müttəfiq partiyaların nümayəndələri qurultayda iştirak etsin. Orada 450 nəfər qurultay nümayəndəsi iştirak edirdi, həmin Mədəniyyət evi isə cəmi 600 nəfərlik idi. Bir o qədər də qonaq qismində sıravi müsavatçı gəlmişdi, oturmağa yer yox idi. Amma konkret adbaad dəvət olunmasa da elan olunmuşdu ki, kim istəsə buyurub gələ bilər”.

Əli Kərimlinin “Müsavatı real müxalifət mövqeyi ortaya qoymamaq” barədə fikrini cavablandıran T.Abbaslı bunu ədalətsizlik hesab edib: “Müsavat son illərdə meydanda müxalifət adına vuruşan tək-tük partiyalardandır, birinci partiyadır. AXCP kimi bir partiyanın liderinin belə ittiham səsləndirməsi qulağa xoş gəlmir və ədaləti əks etdirmir. Azərbaycan xalqı Müsavatı da, cəbhəni də tanıyır. O baxımdan indiki halda belə qarşıdurmaların qətiyyən tərəfdarı deyiləm”.

Qeyd edək ki, Əli Kərimli müsahibəsində qeyd edib ki, Müsavat onu qurultayına dəvət etsəydi sonrakı münasibətlər haqqında düşünmək olardı: “Onlara başarılar diləyirəm, amma daxili işlərinə qarışmıram. Birinci dəfə idi ki, Müsavat Partiyası AXCP-ni qurultaya dəvət etmədi. Bundan çıxan nəticələrə də qatlansınlar”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti