Milli Qəhrəmana aid filminin təqdimatı olub

Milli Qəhrəmana aid filminin təqdimatı olub
  25 Noyabr 2015    Oxunub:2064
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləliyevə həsr edilmiş “Laçın qartalı” sənədli filminin təqdimatı olub.

Mədəniyyət və Turizm Nazirliyinin noyabrın 23-dən 30-dək keçirdiyi “Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində təşkil edilən təqdimat mərasimində rayonun rəhbər işçiləri və ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, Milli Qəhrəmanın ailə üzvləri iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan sənədli film “Yaddaş” studiyasında lentə alınıb. Milli Qəhrəman Oqtay Güləliyevin həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən filmin rejissoru İltifat Hacıxanoğludur.

Tədbirdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən, laçınlı oğulların respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən, ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirilib ki, müharibə zamanı 267 nəfər laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsində xüsusi şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Almas Sultanzadə sənədli filmin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətini yüksək qiymətləndirərək, yaradıcı kollektivə minnətdarlığını bildirib. Qeyd edib ki, noyabrın 23-dən 30-dək keçiriləcək “Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində “Yaddaş” sənədli filmlər studiyasında Azərbaycanın Milli Qəhrəmanları haqqında 12 filmin və “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş Qarabağ müharibəsinə həsr olunan “Yarımçıq xatirələr” bədii filminin təqdimatı nəzərdə tutulur.

Filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu ekran əsərinin çəkilişində əməyi olan bütün insanlara minnətdarlığını bildirib.

Məlumat verilib ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına qəbul olunub. Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlarda iştirak edib. “Daşaltı əməliyyatı” zamanı onun bölüyü mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmağa müvəffəq olub.

Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə ağır yaralanan O.Güləliyev müalicə olunaraq cəbhəyə qayıdıb. Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatıb, beləliklə Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, qəhrəmancasına həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 11 may tarixli Fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Milli Qəhrəman Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Tədbir iştirakçıları sonra Milli Qəhrəmana həsr edilmiş filmi izləyiblər. Milli Qəhrəman Oqtay Güləliyevin həyat yoldaşı Afət Novruzova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.


Teqlər:





Xəbər lenti