Milli Qəhrəman Həmidovun ailəsindən REPORTAJ (FOTOLAR)

Milli Qəhrəman Həmidovun ailəsindən REPORTAJ (FOTOLAR)
  25 Aprel 2016    Oxunub:42036
Xəbər verdiyimiz kimi, aprelin əvvəllərində erməni işğalçılarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik–leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.

AzVision.az-ın əməkdaşları Milli Qəhrəmanın ailəsinin Sumqayıtdakı evinə baş çəkərək valideynləri ilə həmsöhbət olublar.

Baş çəkdiyimiz evdə Milli Qəhrəmanın valideynləri - Nəriman Həmidov və Şərqiyyə Həmidova qalır.

Nəriman Həmidov oğluna Milli Qəhrəman adı verilməsinə sevindiyini deyib. Bildirib ki, Azərbaycan Ordusu son döyüşlər zamanı Qarabağda şəhid olan soydaşlarımızın intiqamını alıb.



“Biz Qubadlı rayonunun Başarat Sovetliyinin Armudlu kəndindənik. 1993-cü ildə Qubadlıdan köçkün düşəndən sonra Sumqayıta gəlmişik. Hazırda 79 yaşım var. 46 il ibtidai sinif müəllimi çalışmışam”,-deyə Milli Qəhrəmanın atası söyləyib.

Nəriman Həmidov nə az, nə çox 10 uşaq atasıdır.

“Yoldaşım qəhrəman anadır. Mən isə 4 oğul, 6 qız atasıyam. Övladlarımın hamısı ailəlidir, xoşbəxt yaşayırlar. Böyük oğlum rəhmətə gedib. Onun 3 uşağı var. Oğlanlarımdan biri Rusiyada yaşayır. Digər oğlum Əsəd bizimlə birlikdə qalır. Təqaüddə olan keçmiş polis əməkdaşıdır. Kiçik oğlum isə yenicə Milli Qəhrəman adı alan Şükürdür. O da ailəlidir, iki övladı var”.



Atasının bildirdiyinə görı, Milli Qəhrəman Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Naxçıvanski adına Hərbi Liseye qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.



Milli Qəhrəman anası Şərqiyyə Həmidova döyüşlərin qızğın vaxtında oğlundan nigaran qaldığını, günlərlə ondan xəbər tuta bilmədiyini deyib.

“Ermənilər yenə ərazimizə basqın etdi. Oğlum da şükürlər olsun ki, qəhrəmancasına vuruşdu. Və prezidentimiz ona Milli Qəhrəman adını verdi. Döyüşlər vaxtı çox narahat idim. Şükürdən xəbər tuta bilmirdik. Çox çətinliklə əlaqə saxlayırdım, harda olduğunu soruşanda bir kəlmə “yerimdəyəm” deyərdi , vəssalam. Gecələr səhərə kimi yata bilmirdim”.



Milli Qəhrəmanın atası xanımının söhbətinə müdaxilə edir: “Anası dəsmal əlində gözünün yaşını silirdi. Allaha çox şükür ki, yaxşı nəticə ilə qurtardı. Ordumuz bir sıra yüksəklikləri düşməndən geri aldı. Üstümüzdən məğlubiyyət damğası götürüldü.

Döyüşlərdən sonra ayın 19-da oğlum mənə zəng etdi ki, ata, məni Bakıya çağırırlar.

Prezident oğlumu qəbul edib, ona Milli Qəhrəman adını təqdim edib. Bu, bir ata kimi mənə qürur verir. Oğlum hazırda Lələ Təpədə xidmət aparır. Ən böyük arzum doğma torpaqlarımıza qayıtmaqdır. İnşallah tezliklə qayıdacağıq”.



Daha sonra söhbətə Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov qoşulur.



“Qardaşımla fəxr edirəm. Şükür uşaqlıqdan cəsarətli, mərd oğlan idi. Mən də 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. O zaman Lələ Təpə uğrunda gedən döyüşlərdə xeyli itki vermişdik. Ancaq qələbə qazana bilməmişdik. Şükür, bizim intiqamımızı qardaşımgil aldılar”.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti