Milli Məclisdə sahibkarlarla bağlı müzakirə

Milli Məclisdə sahibkarlarla bağlı müzakirə
  09 Fevral 2016    Oxunub:1509
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda yeni hazırlanan "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. Onun sözlərinə görə, layihə Azərbaycanda sahibkarlığın inkişafı, yerli istehsal və bazarın qorunması üçün mühüm əhəmiyyət kəsb edir: “Layihənin hazırlanmasında beynəlxalq təcrübədən geniş istifadə olunub. Sənəd bir sıra sazişlər və konvensiyaların müddəaları əsasında hazırlanıb. Əsas məqsəd müxtəlif ölkələrdən Azərbaycana idxal olunan dempinqli subsidiyalaşdırılmış idxalın qarışısında müvafiq tədbirlərin görülməsidir".

Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, qanun layihəsində 3 qrup tədbirlərin tətbiqi nəzərdə tutulub. Nazir müavini qeyd edib ki, layihədə antidempinq, kompensasiya və müahafizə tədbirləri yer alıb: “Bu tədbirlər Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ölkədə həyata keçirilən istehsalat proseslərinin və məhsulların qorunmasına yönəlib. Tədbirlər dempinqli, subsidiyalaşdırılmış idxalın ölkə bazarına təsirini azaltmaq, minimallaşdırmaq üçün nəzərdə tutulub. Qanunun faktiki icrası zamanı müvafiq araşdırma orqanı tərəfindən məhsulların idxalı ilə bağlı araşdırmalar aparılacaq. Hansısa məhsulun idxalının dempinqli olduğu ortaya çıxarsa və ya hər hansı məhsulun idxalının sürətli şəkildə artımının yerli istehsala vurduğu ziyan müəyyənləşdirilərsə, beynəlxalq təcrübə ilə müəyyən edilmiş meyarlar əsasında müvafiq rüsumlar tətbiq olunacaq və ya digər tədbirlər görüləcək. Burada hansısa idxalın qadağan olunmasından söhbət getmir. Məhz dempinqli idxal zamanı yerli istehsala vurulacaq zərərin qarşısının alınmasın söhbət gedir".

Nazir müavini vurğulayıb ki, araşdırma orqanı kompensasiya, dempinq, anti-dempiq rüsumları ilə bağlı hökumətə müvafiq təkliflər təqdim edəcək və təsdiq olunduqdan sonra bu təkliflər qüvvəyə minəcək: “Hər hansı məsulun xarici bazarda satış qiymətinin daha yüksək olduğu, lakin dempinq tətbiq olunaraq Azərbaycana aşağı qiymətlə idxal edildiyi müəyyən edilərsə, antidempinq üsulu tətbiq olunacaq. Xarici ölkədə hansısa məhsula xüsusi subsidiyalar tətbiq olunan zaman, onların ölkəyə daxil olunması zamanı qiymət prioritetinin pozulması baş verərəsə, kompensasiya tədbirləri tətbiq olunacaq. Mühafizə tədbirləri isə hansısa bir məhsulun kəskin idxal artımı nəticəsində ölkə daxilində istehsalata vurduğu ziyanın qarşısı alınması üçün görüləcək. Tətbiq olunan tədbirlər və rüsumlar hər bir halda dempinq, kompensasiya və subsidiyanın məbləğinə bərabər şəkildə müəyyən ediləcək".

İclasda həmçinin, "Lisenziyalar və icazələrin verilmsəi haqqında" qanun layihəsinə də baxılıb. Qeyd edək ki, hər iki layihə müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti