Millət vəkilindən türk dünyasına çağırış

Millət vəkilindən türk dünyasına çağırış
  30 May 2016    Oxunub:1334
Millət vəkili Qənirə Paşayeva Ərzurumda 4-cü Beynəlxalq Türk Şölənində dünya türklərini qondarma erməni soyqırımını müzakirəyə çıxarmağa hazırlaşan Almaniya Parlamentinə etiraza səsləyib.

AzVision.az-ın məlumatına görə, millət vəkili əvvəlcə ön cəbhədə baş verən son hadisələrlə bağlı çıxış edərək Ermənistanın törətdiyi təxribatlar, mülki vətəndaşlarımızı hədəfə alaraq onlara qarşı həyata keçirilən insanlıqdan kənar cinayətlər barədə geniş məlumatlar verib.

Q. Paşayeva Ermənistanın bölgədə təxribatçı addımlarını davam etdirə bilməsində beynəlxalq təşkilatları ittiham edib və bildirib ki, onlar qəbul etdikləri qətnamələrin həyata keçirilməsi üçün işğalçı Ermənistana heç bir təzyiq göstərmirlər.

O qeyd edib ki, Almaniya Bundestaqında qondarma "erməni soyqırımı" iddialarının müzakirəyə çıxarılacağı və qərar qəbul ediləcəyi ilə bağlı xəbərlər hamımızı ciddi narahat etməlidir: “Bu iddiaların müzakirəyə çıxarılması və ya bununla bağlı hər hansı bir sənədin qəbulu dünyanın hər yerində yaşayan Türk insanına böyük zərbədir. Türk milləti tarixində heç bir soyqırım törətməyib. Tam əksinə biz soyqırıma məruz qalmışıq. Ermənilər həm 20-ci əsrin əvvəllərində, həm də sonlarında Azərbaycan türklərinə qarşı soyqırım həyata keçirib. Təəssüf ki, bu gün qondarma "erməni soyqırımı"nı öz maraqları üçün müzakirəyə çıxaranlar Ermənistanın modern dünyanın gözləri qarşısında törətdiyi Xocalı soyqırımını görmək istəmirlər”.

Q. Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib.

Konfransın sonunda millət vəkili tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və “Cahan Holding”in dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti