Millət vəkili litvalı araşdırmaçılarla görüşüb

Millət vəkili litvalı araşdırmaçılarla görüşüb
  16 Aprel 2014    Oxunub:1117
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev ölkəmizdə səfərdə olan “Geosiyasi Araşdırmalar Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.
Təşkilatın sədri Qreta Monika Şuranın xarici QHT-lər üçün qrant proqramı çərçivəsində icra etdikləri “Xocalı haqqında məlumat və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Litva ictimaiyyətinin rəyi” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verib. Nümayəndə heyətinə jurnalistika, politologiya, tarix və s. sahələri əhatə edən elmi tədqiqatçılar daxildir.

Mərkəzin rəhbəri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Litva ictimaiyyətini obyektiv məlumatlandırmaq üçün ingilis və litva dillərində 6 elmi məqalənin hazırlanacağını və tanınmış jurnallarda dərc ediləcəyini bildirib. Sonra bu elmi məqalələr toplanaraq kitab halında çap edilərək Litvanın universtetlərinə, kitabxanalarına və siyasətçilərə paylanacaq. Kitabın ingilis dili variantı isə Avropalı siyasətçilərə, Avropa Parlamentinin üzvlərinə və kitabxanalara göndəriləcək. Qreta Monika bu kitabdan gələcəkdə Litvanın gənc nəslinin nümayəndələrinin Qarabağ münaqişəsi haqqında elmi vəsait kimi istifadə edə biləcəklərini qeyd edib.

Şura sədri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropanın vətəndaş cəmiyyəti qurumu tərəfindən gündəmə gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Azay Quliyev layihənin icrasının Litva və Avropa ictimaiyyətində münaqişə haqqında dürüst və müfəssəl rəyin formalaşmasına xidmət edəcəyini vurğulayıb.

Görüşdə iştirak edən Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev Qarabağ münaqişəsinin tarixinə geniş ekskursiya edərək Azərbaycan torpaqlarının işğalında və çoxsaylı insan qətllərində hazırkı Ermənistan rəhbərliyinin də iştirakını konkret faktlarla qonaqların diqqətinə çatdırıb. Münaqişə nəticəsində 20.000-dən artıq azərbaycanlının qətlə yetirildiyini, on minlərlə soydaşımızın isə əlil olduğunu qeyd edən millət vəkili Litva ictimaiyyətinin bu həqiqətləri bilməsinin vacibliyini vurğulayıb.

Rövşən Rzayev ATƏT-in faktaraşdırıcı missiyasının Qarabağda Suriyadan köçürülən 200-dək erməni ailəsinin yerləşdirilməsini aşkarladığınıda vurğulayaraq Ermənistanın münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu söyləyib.

Təşkilatın layihənin icrası zamanı Qarabağ münaqişəsinə dair BMT-nin qəbul etdiyi 4 qətnamədən çıxış edərək hazırlayacaqları həll modelinin dünyadakı digər analoji konfliktlərin də çözülməsində beynəlxalq hüquq normaları baxımından faydalı ola biləcəyini deyib.


Teqlər:





Xəbər lenti