Mikayıl Cabbarov 16 milyonluq sənədə imza atdı

Mikayıl Cabbarov 16 milyonluq sənədə imza atdı
  26 Noyabr 2014    Oxunub:1834
Bu gün Təhsil Nazirliyi ilə Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” haqqında Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, memorandumu təhsil naziri Mikayıl Cabbarov və Roqaland Təlim və Təhsil Mərkəzi Fondunun icraçı direktoru Kent Terje İngebretsen imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş milli strategiyalar əsasında Azərbaycanda peşə təhsili və təlimi (PTT) sisteminin inkişafına töhfə vermək, müasir peşə təhsili və təlimi sisteminin tələblərinə uyğun olaraq məzmunun, eləcə də metodikanın, infrastrukturun yaradılmasına kömək göstərməkdən ibarətdir.

“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” layihəsinin prioritet istiqamətləri peşə təlimi üzrə işləyən müəllim və rəhbər heyətin bacarıqlarının artırılması, peşə təhsili və təliminin məzmununun yenilənməsi, kurikulumların hazırlanması və təkmilləşdirilməsidir. Layihə çərçivəsində həmçinin müvafiq qurumlar, ilk peşə-ixtisas təhsili və sənaye müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, işəgötürənlərlə PTT müəssisələri arasında əlaqələrinin gücləndirilməsini təmin edən qanunvericiliyin yaradılması üzrə silsilə tədbirlər də həyata keçiriləcək.

Qeyd edək ki, Roqaland Təlim və Təhsil Mərkəzinə Azərbaycanda PTT sisteminin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Norveç Xarici İşlər Nazirliyi tərəfindən 15,9 milyon Norveç kronu məbləğində qrant ayrılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti