Mətbuatdan vəzifəyə yüksələnlər - SİYAHI

Mətbuatdan vəzifəyə yüksələnlər - SİYAHI
  22 Sentyabr 2014    Oxunub:9308
Haradan haraya...

Ötən həftə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev yeni vəzifəyə təyinat aldı. Belə ki, Prezident İlham Əliyev Elman Telman oğlu Abdullayevin Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə E.Abdullayevə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

E.Abdullayevin yüksək vəzifəyə təyinatı mətbuat katibləri arasında ilk nümunə deyil. Bundan öncə də adi jurnaslitlikdən mətbuat xidmətinə, oradan da məmur postuna yüksələn həmkarlarımız az olmayıb.

Bunlardan biri Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin keçmiş rəhbəri Tural Müseyibovdur. T.Müseyibov Azərbaycan mediasında müxtəlif qurumlarda çalışıb. FHN yarandığı ilk günlərdən bu qurumda media ilə əlaqələrdən məsul şəxs olub. O, uzun illər nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib. Bir neçə ay öncə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun əmri ilə T. Müseyibova FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postu həvalə edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri postundan bundan əvvəl də vəzifəyə yüksələn şəxs olub. Bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ölkə başçısının başqa bir sərəncamı ilə Elxan Poluxova fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. Buna qədər Elxan Poluxov Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.

Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib. Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.

YAP-ın mətbuat katibi Hüseyn Paşayev də çalışdığı yerdə yüksək vəzifəyə yüksəlib. Belə ki, bu il Yeni Azərbaycan Partiyasının Mətbuat və ictimai əlaqələr komissiyası yaradılıb və onun ilk iclası keçirilib. Mətbuat və ictimai əlaqələr komissiyası Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə yaradılıb. YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev Mətbuat və ictimai əlaqələr komissiyasının sədr müavini seçilib.

Vergilər nazirliyinin mətbuat katibi də öz qurumunda yüksək vəzifəyə təyinat alanlardandır. Belə ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov Bakı şəhər Vergilər Departamentinin rəisinin müavini vəzifəsinə təyin olunub.

XİN-in eks-mətbuat katiblərindən daha biri Tahir Tağızadə 2007-ci ildə Azərbaycanın Çexiyadakı səfir postuna təyinat alıb, 2014-cü ildə isə Böyük Britaniyaya səfir göndərilib. Belə ki, Prezident İlham Əliyev Tahir Tofiq oğlu Tağızadənin Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yeni səfirinin təyin olunması haqqında sərəncam imzalayıb.

2007-ci ildən mətbuat xidmətinə rəhbərlik etməyə başlayan Xəzər İbrahim iki il sonra Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən vəzifəyə təyinat alıb. Belə ki, mətbuat katibi Azərbaycanın ABŞ-dakı səfirliyinə müşavir vəzifəsinə göndərilib, ardınca isə 2011-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib.

Hazırladı: Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti