Mətbuat Muzeyinin yaradılması təklif olunur

Mətbuat Muzeyinin yaradılması təklif olunur
  18 Yanvar 2017    Oxunub:1328
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mətbuat Muzeyinin yaradılması təklif edilib.
AzVision.az xəbər verir ki, bu təkliflə deputat Cavanşir Feyziyev çıxış edib. Millət vəkilinin sözlərinə görə, xarici ölkələrdə bizim mətbuat nümunələrimiz var ki, onların bəziləri alınaraq Azərbaycana gətirilib: “Bu prosesi davam etdirmək olar. Müxtəlif ölkələrdə bəzi mətbuat nümunələrimiz orginal şəkildə saxlanılır və ya satışa çıxarılır. Biz bunları toplayıb Azərbaycanda çox mükəmməl Mətbuat Muzeyi yarada bilərik. Bu da ölkənin mədəni irsinin, tarixinin göstəricisi kimi qiymətli iş ola bilər. Növbəti dövrdə bu məsələyə yer ayırmağımız yaxşı olar”.

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov təklifi dəstəkləyərək bildirib ki, sözügedən muzeydə ayrı-ayrı mətbuat nümunələri deyil, Azərbaycan jurnalistikasının təmsilçiləri və mətbuat tariximiz təbliğ edilməlidir.

“Azərbaycanda ana dilli mətbuatın tarixi “Əkinçi” qəzeti ilə başlayır. Lakin Azərbaycan mətbuatının tarixi 1830-cu ildə Tiflisdə çıxan Azərabaycan nəşrləri ilə başlanıb. Bu baxımdan düşünürəm ki, Mətbuat Muzeyi XIX əsrin əvvəllərindən bu günə qədər keçən yolu əks etdirməlidir”

Komitə sədri qeyd edib ki, yaxın vaxtlarda ölkədə fəaliyyət göstərən media, TV və radio rəhbərlərinin iştirakı ilə böyük müşavirə keçirmək planlaşdırılır: “Müşavirədə mətbuatda dilin qorunması, müəlliflik hüquqları ilə bağlı, mətbuatımızın xarici medialarla əməkdaşlığı kimi vacib məsələləri müzakirə edəcəyik”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti