Mərkəzdəki qəbiristanlıqlar köçürüləcək - Video

Mərkəzdəki qəbiristanlıqlar köçürüləcək - Video
  01 Avqust 2015    Oxunub:3209
“Paytaxtdakı sıxlığı nəzərə alıb qəbiristanlıqların şəhərin mərkəzindən köçürülməsi və yaxud ləğv olunması məsələsi gündəmə gəlib. Bu mütləqdir. Bakıdan kənarda qəbiristanlıqlar üçün sahələrin ayrılmasına ehtiyac var”.


“Qafqazinfo” xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti və Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılıb. Təklifə əsasən, köçürülməsi nəzərdə tutulan qəbiristanlıqlarda 5 il müddətinə cənazə dəfn edilməməlidir. Eyni zamanda müəyyən sahə ayrılmalı, həmin ərazi isə qəbiristanlıq standartlarına cavab verməlidir: “Qəbiristanlıqların köçürülməsi prosesi gündəmdədir. Müvafiq qərar olduqdan sonra prosedur qaydaları nəzərə alınaraq bu köçürülmə prosesinə start veriləcək. Bu mütləq lazımdır. Çünki Bakı şəhərində artıq qəbiristanlıq üçün sahə yoxdur. Çünki qəbirlərin köçürülməsi çox çətin işdir".

Trestinin baş mühəndisi bildirib ki, paytaxtın mərkəzi hissəsində yerləşən qəbiristanlıqlar tamamilə dolub. Məzarlıqlarda yer problemi yaşandığından, artıq ailə məzarlıqları üçün sahə ayrılmır: “Yasamal”, “Qurd qapısı” kimi tanıdığımız qəbiristanlıqlarda yer azalıb, daha doğrusu, boş sahə demək olar ki, qalmayıb. Hazırda mərkəzdəki qəbiristanlıqlarda ailə məzarlığı üçün sahə ayrılması ilə bağlı müraciət edənlər olsa da, bu müraciətlər yerinə yetirilmir. Çünki bu qəbiristanlıqlarda boş sahə yoxdur. Yalnız bir-iki qəbir üçün yer tapmaq mümkündür. Böyük sahəni əhatə edən həmin ərazidə yalnız həmin ailəyə mənsub şəxslər dəfn edilirdi və bu ənənə bəzən uzun illər davam edirdi. Hazırda yer məhduddur”.

Sabir Həsənovun sözlərinə görə, Bakının digər qəbiristanlıqlarında məzar yeri problemi yoxdur: "Bizim trestə 32 qəbiristanlıq daxildir. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, “Qurd qapısı“ adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır. Ümumiyyətlə, şəhərin mərkəzindəki qəbiristanlıqlarında çox sıxlıqdır. Yasamal qəbiristanlığında isə yer demək olar ki, yoxdur. Bu, həm də onunla izah olunur ki, sözügedən ərazi köhnə qəbiristanlıqdır. Amma şəhər kənarındakı qəbiristanlıqlarda boş yerlər tapmaq mümkündür. Məsələn, Sabunçu, Suraxanı, Biləcəri, Xırdalan, Binəqədi və s. kimi qəbiristanlıqlarda boş ərazi tapmaq mümkündür".

Sabir Həsənov qəbir yerlərinin pulla satılmasının qadağan olunduğunu da diqqətə çatdırıb: "63 manat dövlət rüsumu var. Ölüsünü dəfn etmək istəyən azərbaycanlıdırsa, onun üçün dövlət rüsumu - 63, xarici vətəndaşlar üçünsə - 79 manatdır. Yəni hər kəs dövlət rüsumunu ödəyərək, ölüsünü dəfn edə bilər. Bundan başqa heç bir vəsait tələb olunmur. Bura qəbirin qazılması da daxildir. Digər materialları isə vətəndaş almalıdır və yaxud pulunu ödəyərsə, trest tərəfindən lazımi materiallar alınır. Bundan başqa heç bir şey tələb olunmur. "Yer pulu" deyəndə isə diqqətinizə çatdırım ki, torpaq pullu deyil. Bizim qaynar xəttimiz var. Kim belə neqativ halla rastlaşarsa (012) 510-83-08 saylı telefona zəng etsinlər ki, məsələ yerindəcə həll olunsun".

Qəbir yerlərinin qiymətinə gəlincə, trestdən bildirirlər ki, qiymətlərin baha olmasına səbəb insanların kədərindən istifadə edərək pul qazanmaq istəyən dəllalların olmasıdır.




Teqlər:  





Xəbər lenti