Məmmədyarov yeni səfirlə görüşdü

Məmmədyarov yeni səfirlə görüşdü
  09 Oktyabr 2015    Oxunub:1426
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Sanjay Rananı qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib. E.Məmmədyarov 2013-cü ildə Hindistana rəsmi səfərini xatırlayaraq, iki ölkə arasında enerji, ticarət, turizm, informasiya və kommunikasiya texnologiyaları, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verərək, Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərini yerinə yetirmədiyini, münaqişənin həlli üzrə danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini bildirib.

S.Rana Hindistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini bildirib. O, enerji sahəsində əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edərək, Hindistan şirkətlərinin Azərbaycanla əməkdaşlığa maraq göstərdiklərini və işgüzar dairələrin qarşılıqlı səfərləri və biznes-forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb. E.Məmmədyarov S.Ranaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.


Teqlər:  





Xəbər lenti