Məmmədyarov gürcü həmkarı ilə Qarabağı müzakirə etdi

Məmmədyarov gürcü həmkarı ilə Qarabağı müzakirə etdi
  29 Avqust 2016    Oxunub:1487
“Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir”.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixeil Canelidze ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov iki ölkə arasında əməkdaşlığın inkişafında xalqlarımız arasında olan tarixi dostluq əlaqələrinin danılmaz rolu olduğunu bildirib: “Azərbaycan və Gürcüstan beynəlxalq hüquq norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.

O, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar barədə həmkarına məlumat verdiyini deyib:“Mən həmkarımı Ermənistan-Azərbaycan münaqişələrinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırdım. Azərbaycan münaqişənin həlli və bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbul edilməyən, qeyri-davamlı sayılan mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır.

Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasını təmin edir. Azərbaycana qarşı yürütdüyü destruktiv işğalçı siyasətin nəticəsidir ki, Ermənistan bu gün bütün regional layihələrdən kənarda qalıb. Münaqişənin həlli Ermənistanın da regional əməkdaşlıq proseslərinə inteqrasiyasına töhfə verə bilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti