Məmmədyarov baş nazirlə görüşdü

Məmmədyarov baş nazirlə görüşdü
  19 Sentyabr 2014    Oxunub:1192
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun baş naziri Milo Cukanoviç ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüş əsnasında E.Məmmədyarov Azərbaycanla Monteneqro arasında əlaqələrin sürətlə inkişaf etdiyini və qısa müddət ərzində ikitərəfli əməkdaşlıqda böyük uğurlara imza atıldığını deyib.

Monteneqronun baş naziri ölkələrimiz arasındakı əlaqələrin məmnunluq doğurduğunu qeyd edərək, bu gün Azərbaycanın prezidenti İlham Əliyev və baş naziri Artur Rasi-zadə ilə məhsuldar görüşlər keçirdiyini diqqətə çatdırıb.

Siyasi səviyyədə iki ölkə arasında qarşılıqlı anlaşmanın olduğunu deyən M.Cukanoviç iqtisadi əlaqələr və investisiyaların yatırılması sahəsində Azərbaycanla Monteneqro arasında sıx əməkdaşlığın olmasını məmnuniyyətlə qeyd edib.

Ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndiyini və hökumətlərarası komissiyanın səmərəli şəkildə fəaliyyət göstərdiyini bildirən baş nazir bu gün təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişin humanitar sahədə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaratdığını vurğulayıb.

O, möhkəm təmələ əsaslanan Azərbaycan-Monteneqro əlaqələrinin bundan sonra yalnız yüksələn xətt üzrə inkişaf edəcəyini bildirib.

Görüşdə enerji sahəsində əməkdaşlıq, infrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti