Məmmədyarov Britaniyalı parlamentariləri qəbul edib

Məmmədyarov Britaniyalı parlamentariləri qəbul edib
  28 İyul 2016    Oxunub:1450
Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Blakmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə E. Məmmədyarov Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən, tərəflər arasında əməkdaşlıq edilən əsas sahələr və inkişaf perspektivləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Nazir enerji sahəsində, o cümlədən, Azərbaycanın neft və qaz yataqlarının işlənilməsində və xam neftin ixracında əsas marşrut olan Bakı-Tbilisi-Ceyhan kəmərinin reallaşdırılmasında BP şirkəti ilə əməkdaşlığı yüksək qiymətləndirib.

E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr barədə danışıb və bu layihələrin iştirakçı dövlətlərə, ümumilikdə bütün regiona verəcəyi töhfələri izah edib. Nazir Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin mahiyyəti və qarşıya qoyulan hədəflərdən söz açıb və ölkəmizin bu istiqamətdə atdığı addımları sadalayıb.
Azərbaycanın multikulturalizm və tolerantlıq üzrə dünyaya örnək ola biləcəyini vurğulayan E. Məmmədyarov, ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə məxsus insanların sülh şəraitində yanaşı yaşadığını misal göstərib.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və bu münaqişənin həlli istiqamətində aparılan danışıqların cari vəziyyətinə toxunan E. Məmmədyarov, Azərbaycanın rəsmi mövqeyini bir daha britaniyalı deputatların diqqətinə çatdırıb
Britaniyalı parlamentarilər Azərbaycanda gedən inkişaf proseslərindən məmnun olduqlarını, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları təqdir etdiklərini bildiriblər.
Görüşün sonunda E. Məmmədyarov qonaqların müxtəlif mövzular üzrə verdiyi suallarını cavablandırıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti