Məleykə Abbaszadə iclas keçirdi

Məleykə Abbaszadə iclas keçirdi
  26 May 2016    Oxunub:1699
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, iclasda sədr Məleykə Abbaszadə, sədrin müavinləri Namiq Babayev, Bəhram Xəlilov, Şuranın digər üzvləri Kamil Aydazadə, Ceyhun Bayramov və Niyazi Hacıyev iştirak ediblər (Şuranın üzvü Fariz İsmayılzadə xarici ezamiyyədə olduğuna görə iclasda iştirak etməyib).

İclas zamanı ilk iclasda müzakirə olunmuş məsələlərin icra vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi aparılıb. Eyni zamanda, Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinin layihəsi nümayiş etdirilib, layihəyə dair ümumi rəy müsbət olub, saytın yaxın günlərdə istifadəyə verilməsi, səhifədə hər iki qurumun fəaliyyəti barədə bütün keçidlərin yerləşdirilməsi qərara alınıb.

İclasda Şura üzvlərinə rəy və təkliflərini təqdim etmək üçün DİM-in yeni strukturunun layihəsi təqdim olunub.

Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov dövlət qulluğuna qəbul sahəsində son 1 ay ərzində görülən işlər barədə hesabat təqdim edib, hesabatda ehtiyat kadrlar, müsabiqədən və müsahibədən keçərək vəzifəyə layiq görülən namizədlərin dövlət orqanları tərəfindən vəzifəyə təyin edilməməsi məsələlərinə toxunulub, məsələ ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinin magistratura və bakalavriat səviyyələrinə qəbul kampaniyasının indiki mərhələsində aktual olan məsələlər barədə məruzə təqdim edib, məruzədə tələbə qəbulu planları, magistraturaya qəbul imtahanının I mərhələsindən sonra proqramlar üzrə yaranmış müsabiqə vəziyyəti, Azərbaycan və rus bölmələri üzrə birgə müsabiqənin müsbət və mənfi nəticələri, sınaq imtahanlarının və əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə dair ilkin statistik təhlil, sınaq imtahanlarının iştirakçılarının tərkibi və ümumi nəticələrin proqnozlaşdırılması barədə ətraflı məlumat verilib.

Toxunulan məsələlər ətrafında müzakirələr aparılıb, Şura üzvləri öz təkliflərini irəli sürüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti