Məktəbdəki yanğının səbəbi hələ də bilinmir

Məktəbdəki yanğının səbəbi hələ də bilinmir
  24 May 2016    Oxunub:2806
Ötən gün yanğın hadisəsi baş verən 95 saylı orta məktəbdə tədris prosesi bərpa olunub.
Bu barədə AzVision.az-a Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, dünən yanğın hadisəsi ilə bağlı şagirdlərdə psixoloji gərginlik yarandığı və eyni zamanda məktəbdə təmizlik işlərinin görülməsinə ehtiyac olduğu üçün tədris müvəqqəti dayandırılmışdı. Ancaq bugündən etibarən məktəbdə dərslər bərpa edilib. İbtidai siniflərin davamiyyəti ilə bağlı onu qeyd edək ki, 98 faiz şagird məktəbdə olub. Ümumilikdə isə şagirdlərin 95 faizi bu gün dərslərdə iştirak edib”.

Yanğının baş vermə səbəbinə gəlincə, Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır, hadisənin dəqiq səbəbi araşdırmadan sonra məlum olacaq.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, məktəbdəki yanğının dəqiq səbəbini heç onlarda bilmirlər.

“Yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirlir. Hələlik bu, dəqiq deyil. Hazırda bununla bağlı araşdırma aparılır”.

Xatırladaq ki, dünən Bakının Xətai rayonunda yerləşən Ayaz Məhərrəmov adına 95 saylı orta məktəbdə yanğın baş verib. Yanğınla əlaqədar bütün şagirdlər məktəbi tərk edib və dərslər müvəqqəti dayandırılıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti