Manat da ucuzlaşa bilərmi? - Ekspert

Manat da ucuzlaşa bilərmi?  - Ekspert
  18 Dekabr 2014    Oxunub:10233
“Rusiyada rublun ucuzlaşması manata elə çox təsir etmir”.
Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, Rusiya rublu dollar və avroya münasibətdə dəyərini itirib:

“Rusiyada xarici valyuta tapılmır. O cümlədən dollar qıtlığı yaşanır və onun qiyməti bahalaşır. İnsanlarda sürətli olaraq valyutalarını dollar dəyişirlər. Bu məlumatlar Azərbaycanda da insanlar arsında psixoloji gərginlik yaradır. Bunun Azərbaycanda da baş verəcəyini ehtimal edirlər. Neftin ucuzlaşması Rusiyaya gələn neft pullarını azaldıb. Getdikcə Rusiyanın valyuta ehtiyatları azalır. Üç-dörd gündür ki, Azərbaycanda da vətəndaşlar arasında da valyutadəyişmə məntəqələrində dolların olmaması barədə məlumat yayılıb. Daha çox bu psixoloji amillə bağlıdır. Vətəndaşların bəziləri də ölkəmizdə öz valyutasını dəyişir”.

Ekspert bildirib ki, bu gün manatın ucuzlaşması üçün ciddi bir əsas yoxdur:

“Azərbaycan iqtisadiyyatı da Rusiya kimi neftdən asılıdır. Neft gəlirlərinin azalması Azərbaycanda manata təzyiqləri artırır. Hazırda Mərkəzi Bank vəziyyəti nəzarətdə saxlayır. Onun valyutası imkan verir ki, manatın ucuzlaşmasına yol verilməsin. Bundan sonra isə hər şey neftin dünya bazarındakı qiymətinin hansı həddə qədər ucuzlaşmasından asılı olacaq. 60 dollar ölkəmiz üçün də narahatedici bir rəqəmdir. Proqnozlar göstərir ki, neft 40 dollara qədər ucuzlaşa bilər. Bu ucuzlaşma gələn ilboyu davam edərsə, manatı indiki səviyyədə saxlamaq Mərkəzi Bank üçün çox çətin olacaq”.

S.Əliyevin fikrincə, hökumət gələn il də maksimum çalışacaq ki, manat ucuzlaşmasın. Amma Mərkəzi Bank öz valyuta ehtiyyatının hamısını həmişə manatda saxlamaq üçün xərcləməyəcək:

- Mərkəzi Bank valyutasını müəyyən həddə qədər xərcləyəcək, ondan sonra görsə ki, vəziyyət ağırdır, məcbur olub manatı buraxmalı olacaq. Gələn ilin ortasına kimi manatla bağlı hər hansı bir təhlükə gözləmirəm. Hesab edirəm ki, manat indiki səviyyədə qalacaq. İlin ikinci yarısından sonra isə neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Əgər neft 70-80 dollara kimi qalxarsa, onda manat üçün hər hansı problem olmayacaq. Neft indiki səviyyədə qalsa və yaxud da aşağı səviyyəyə düşərsə, artıq gələn ilin ikinci yarısında manata güclü təzyiqlər olacaq və Mərkəzi bank məcbur olub manatı ucuzlaşdıra bilər. Yenə də son qərar Mərkəzi Bank tərəfindən veriləcək.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti