Manat tam üzən məzənnəyə keçəcək

Manat tam üzən məzənnəyə keçəcək
  09 Dekabr 2016    Oxunub:23675
Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın tətbiqi nəzərdə tutulub.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib. Bildirilib ki, bu addım fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi çərçivəsində atılacaq. Bundan başqa, xərc-investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi planlaşdırılır.

Strateji Yol Xəritəsinin digər hədəfi isə özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsidir. Bu çərçivədə iqtisadiyyatda dövlət sektorunun əhəmiyyətinin artırılmasına dair ümumi yanaşmanın əlaqələndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və priorotet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması nəzərdə tutulub. Bundan başqa Ölkədə dövlət əmlakından istifadənin səmərəliliyinin artırılmasına, onun idarə olunmasının təkmilləşdirilməsinə və özəlləşdirilməsinə yönəlmiş yeni qanun layihəsi hazırlanır.

Yeni qanun layihəsinin məqsədi dövlətin idarəetmə funksiyalarının tədricən dövlətin tənzimləmə funksiyaları ilə əvəz edilməsi vasitəsilə dövlət xərclərinin azaldılması, şəffaf və müstəqil idarəetməyə təkan verilməsi, həmçinin yeni özəlləşdirmə metodlarının tətbiq edilməsi yolu ilə bazar iqtisadiyyatının daha da gücləndirilməsindən ibarət olacaq.

Sənədə əsasən, tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və ortamüddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər. Belə ki, qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinin Azərbaycanın xarici və daxili iqtisadi balansına neqativ təsirlərini minimuma endirmək, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, həmçinin ölkənin malik olduğu xarici valyuta ehtiyatlarının bütövlüyünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci il 21 dekabr tarixli qərarı ilə sabit məzənnə rejimindən imtina edilib, üzən-tənzimlənən məzənnə rejiminin tətbiqinə başlanılıb:

“Tam üzən məzənnə rejiminin tətbiqinə nail olmaq üçün ilk növbədə yaxın və ortamüddətli dövrdə hazırda tətbiq edilən üzən-tənzimlənən məzənnə rejiminin məzmununun bir daha dəqiqləşdirilməsi vacibdir. Məhz istehlak səbətində idxal məhsullarının payının azaldılmasına nail olma səviyyəsinə uyğun şəkildə məzənnə üçün faktiki tətbiq edilən dəhlizin genişləndirilməsi, ortamüddətli dövrdə isə tamamilə ləğv edilməsi üzən rejimə səmərəli keçidi təmin edəcək. Üzən məzənnə rejiminə keçidin şərtlərindən biri də daxili maliyyə bazarının inkişafına, bazarda hedcinq və məzənnə risklərindən sığortalanmağa imkan verən digər maliyyə alətlərinin təqdim edilməsinə nail olmaqdır. Bundan əlavə, AMB-nin valyuta bazarına müdaxilə strategiyasının hazırlanması və onun maliyyə bazarı iştirakçılarına səmərəli şəkildə kommunikasiya edilməsinin təmin olunması istiqamətində tədbirlər nəzərdən keçiriləcək”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti