Maliyyə naziri Laqardla görüşüb

Maliyyə naziri Laqardla görüşüb
  25 May 2016    Oxunub:1584
Maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (IMF) baş sərəncamçı direktoru Kristin Laqard ilə görüşüb.
Maliyyə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, Qazaxıstanın paytaxtı Astana şəhərində öz işinə başlayan IX Astana iqtisadi forumunun işinə qatılan S. Şərifov forum çərçivəsində Cənubi Qafqaz, Mərkəzi Asiya və digər dövlətlərin iştirakı ilə təşkil olunan regional iqtisadi dəyirmi masada iştirak edib.

Qazaxıstanın baş naziri Kərim Məsimov və K. Laqardın sədrliyi ilə keçirilən konfransda region ölkələrinin üzləşdiyi qlobal maliyyə böhranının yeni dalğasının fəsadları nəzərdən keçirilib, yaranmış çağırışlar ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə iştirak edən S. Şərifov prezident İlham Əliyevin rəhbərliyi altında xarici iqtisadi şokların ölkənin makroiqtisadi vəziyyətinə mənfi təsirlərini yumşaltmaq məqsədi ilə görülən tədbirlər, eləcə də həyata keçirilən iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Konfrans çərçivəsində nazir K. Laqard ilə görüş keçirib. Görüş zamanı Azərbaycanın makroiqtisadi vəziyyətinin tarazlaşdırılması, neftin qiymətinin azalması şəraitində qonşu dövlətlərdə aparılmış kəskin devalvasiya tədbirləri ilə bağlı olaraq yerli istehsalçıların maraqlarının, habelə ölkənin valyuta ehtiyatlarının qorunması məqsədi ilə milli valyutanın məzənnəsinin dəyişmiş makroiqtisadi mühitə uyğunlaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılmış addımlar IMF tərəfindən dəstəklənib.

Eyni zamanda, IMF ilə Azərbaycan hökuməti arasında IV maddə üzrə məsləhətləşmələr missiyasının hazırda Azərbaycanla texniki əməkdaşlıq sahəsində mövcud əlaqələri müzakirə etdiyi qeyd olunub və bu əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, aparılan iqtisadi islahatlarda BVF tərəfindən müvafiq ekspertlərin iştirakı və lazımi texniki dəstəyin göstərilməsinə qarşılıqlı maraq ifadə olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti