Lukaşenko oğlunu BMT-yə niyə aparıb?

Lukaşenko oğlunu BMT-yə niyə aparıb?
  03 Oktyabr 2015    Oxunub:2366
Belarus Prezidenti Aleksandr Lukaşenko 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına aparmaqla bir çox siyasətçiləri təəccübləndirib.
Musavat.com xəbər verir ki, balaca Kolya və atası hətta Barack və Michele Obamalarla şəkil də çəkdiriblər.

11 yaşlı məktəbli atasını tez-tez rəsmi səfərlərində müşayiət edir.

Amma atası Kolyanı Nyu Yorka təkcə dondurma yemək üçün aparmayıb. Lukaşenkonun məktəb yaşlı övladı Baş Assambleyada dünya liderləri ilə bir masa arxasında da oturub.

Xarici agentliklər yazırlar ki, BMT səfəri Kolyanın ilk siyasi missiyası olmayıb. Böyüklər kimi rəsmi kostyum və qalstuk geyinən Nikolay Lukaşenko atasını bir çox səfərlərdə müşayiət edir.

O, Pekində keçirilən qələbə paradına da hökumət tribunasından atası ilə birlikdə tamaşa edib.

Kolyanı hərbi paradlarda da atası ilə yanaşı görmək olar

Bəziləri deyirlər ki, Aleksandr Lukaşenko oğlunu öz siyasi varisi kimi görür.

Cənab Lukaşenkonun özü 2012-ci ildə BBC-yə verdiyi müsahibədə bu söz-söhbətləri əsassız adlandırıb. O izah edib ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir.

Bəzi təhlilçilər Kolya Lukaşenkonun, ümumiyyətlə məktəbə getməsinə şübhə edirlər.

Belarus müxalifətinin Belsat telekanalı bildirir ki, uşaq artıq xeyli dərs buraxıb.

Bəziləri deyirlər ki, atası Kolyanı öz yerinə hazırlayır

Bütün bunlar hələ 2005-ci ildə Bush tərəfindən “Avropanın sonuncu diktatoru” adlandırılmış Aleksandr Lukaşenko barədə yeni mülahizələrə səbəb olur.

Prezidentin sonbeşiyi olan Kolya, deyilənlərə görə, Lukaşenko ilə şəxsi həkimi arasındakı nikahdankənar münasibətlər nəticəsində doğulub.


Teqlər:





Xəbər lenti