Leyla Yunusa görə hüquq müdafiəçilərinə ittiham

Leyla Yunusa görə hüquq müdafiəçilərinə ittiham
  21 Avqust 2014    Oxunub:1835
“Leyla Yunusun adının siyasi məhbus siyahısına salınması yolverilməzdir”.
Bu fikirləri AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, barəsində həbs-qətimkan tədbiri seçilən Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunus siyasi məhbus deyil.

“Hələlik istintaq gedir və istintaq ittiham irəli sürüb. İstintaqdakı ittihamlar hələ sübut olunmayıb. Yalnız məhkəmə hökmündən sonra bu qərara münasibət bildirmək olar. Bu cür siyahılara bəzən elə insanlar salınır ki, onlar əvvəllər cinayət törətmiş insanlar olur. Çox təəssüf ki, bizim hüquq müdafiə təşkilatları tələsik qərar qəbul edərək, kimi istəsələr siyasi məhbus elan edirlər”.

Ç.Qənizadə hesab edir ki, Azərbaycanda hüquq müdafiəçilərinin hüquqi savadlanmasına ehtiyac var:

“Onların siyasi məhbus siyahılarını hazırlayan zaman yol verdikləri səhvlər, bəzən savadsızlıqdan irəli gəlsə də, bəzən də digər maraqlara görə hüquqi səhvlərə yol verirlər.

“Çünki bizim hüquq müdafiəçiləri belə hesab edirlər ki, bu adam müxalifət meyillidirsə, onun hansı səbəblə həbs olunmağından asılı olmayaraq bunu siyasiləşdirmək olar. Amma qanun hamı üçün eynidir”.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti