Xəstə uşaqlar bu müəssisədə dörd il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər. Burada uşaqların müalicəsi, tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Eyni zamanda, xəstə uşaqların Rusiyanın ən qabaqcıl tibb müəssisələrində müalicəsi təşkil edilir. N.Nikiforova qeyd etdi ki, Sankt-Peterburq Dövlət Universitetinin psixologiya fakültəsinin alimləri 13 nömrəli uşaq evində apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ömrünün ilk iki ilini yad insanların əhatəsində keçirən körpələr ünsiyyətdən məhrum olurlar. Bu tədqiqatlar əsasında müəssisənin fəaliyyətində dəyişiklik edilib və burada uşaqlar üçün ev şəraitinə yaxın sabit sosial mühit yaradılıb.
Leyla Əliyeva mərkəzin otaqlarını gəzdi. Uşaqlar Heydər Əliyev Fondunun vitse-prezidentinə öz əl işlərini hədiyyə etdilər. Sonda Heydər Əliyev Fondu adından mərkəzə müasir kompyuter avadanlığı hədiyyə olundu. O.Zabelina mərkəzin kollektivi və burada tərbiyə alan uşaqlar adından Leyla Əliyevaya minnətdarlığını bildirdi.
Leyla Əliyeva görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də oldu. Müəssisənin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verdi. Bildirildi ki, internat məktəbinin tarixi 1881-ci ildə Rusiyada ilk dəfə tanınmış ictimai xadim Konstantin Qrotun görmə qabiliyyətini itirmiş oğlanlar üçün açdığı məktəbdən başlayır. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında fəaliyyət göstərir. İnternat məktəbində xüsusi olaraq bu kateqoriyadan olan şagirdlər üçün hazırlanmış dərsliklər vasitəsi ilə bütün fənlər tədris edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti fənn kabinələrini gəzdi, kitabxana və fonoteka ilə tanış oldu, şagirdlərlə söhbət etdi, onlarla xatirə şəkilləri çəkdirdi.
Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində oldu. Burada Diana Qurtskayanın “Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış etdilər.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların ifa etdikləri musiqiləri dinlədi, onlarla xatirə şəkli çəkdirdi.
İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edildi.