Leyla Əliyeva Moskvada Xocalı tədbirində - FOTOLAR

Leyla Əliyeva Moskvada Xocalı tədbirində - FOTOLAR
  28 Fevral 2015    Oxunub:1970
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Rusiya Federasiyasının Moskva şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi, Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) və Ümumrusiya Azərbaycan Konqresi tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Leyla Əliyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək bu hadisələrdən 23 il keçməsinə baxmayaraq onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib.

Leyla Əliyeva Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq son illər bu hadisələrin qlobal səviyyədə tanınması istiqamətində səylərin artmasını, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında Xocalı soyqırımı ilə bağlı qətnamələrin qəbul olunmasını təqdir etmişdir. Leyla Əliyeva, həmçinin iştirakçılara “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Çıxış edən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən faciəvi səhifəsini təşkil etməsi ilə yanaşı, onun yeganə hal olmadığını bildirib və diqqəti Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə, eləcə də inkişafa mənfi təsirlərinə yönəldib.

Tədbir zamanı Azərbaycan və Rusiyanın tanınmış musiqiçilərinin - Alim Qasımov, Fərqanə Qasımova, Fərhad Bədəlbəyli, Dimirti Yablonski və Rain Sultanovun ifasında Xocalıya həsr olunmuş muğam və etno-caz janrında musiqi parçaları səslənib, işğal altında olan ərazilərə və Xocalı soyqırımına aid videomateriallar təqdim edilib.

Tədbirdə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunan yeni toplunun rus dilində buraxılışının təqdimatı da keçirilib. Topluya Leyla Əliyevanın video müraciətindən, Xocalı soyqırımı ilə bağlı sənədli filmdən ibarət 2 ədəd DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart daxildir. Topluda eyni zamanda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat (prezentasiya) da var. Bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş gənclərlə görüşüb, onların yaşadığı dəhşətli xatirələri dinləyib və kədərləri ilə bölüşüb. Daha sonra Azərbaycan və Rusiyalı uşaqların Xocalı soyqırımı ilə bağlı rəsmlərinin sərgisi ilə tanışlıq olub.

Qalereya




Teqlər:  





Xəbər lenti