Kredit almaq istəyən tələbələrə şad xəbər

Kredit almaq istəyən tələbələrə şad xəbər
  30 Yanvar 2017    Oxunub:2287
Fevralın 1-dən “Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına başlayacaq.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, kreditlər üçün müraciət edən tələbələr müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Təhsil kreditlərinin növləri və şərtləri, seçim meyarları və müraciət forması ilə bağlı ətraflı məlumat fondun rəsmi saytında https://azvision.az/redirect.php?url=http://maarifci.az) qeyd olunub.

Bundan əlavə, portalda elektron müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Müraciətlər martın 15-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti