Kommunal xidmətlər necə ASANlaşacaq? – TƏHLİL

Kommunal xidmətlər necə ASANlaşacaq? – TƏHLİL
  06 May 2016    Oxunub:3691
Kommunal xidmətdə keyfiyyət və bu sahədə ödənişlərin düzgün, dəqiq, şəffaf təşkil olunması ölkəmizdə həmişə aktual məsələ sayılıb, həlli isə kifayət qədər ciddi problem hesab olunub.

Ümumiyyətlə, əhaliyə kommunal sahədə xidmətlərin göstərilməsində idarəetmənin optimallaşdırılması və şəffaflığın artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi bu sahədə vətəndaş məmnunluğunun təmin olunması həlli çoxdan tələb olunan məsələ sayılırdı.

Prezidentin 4 may 2016-cı ildə imzaladığı “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqda Fərmanı da məhz bu səbəbdən irəli gəlib. Çünki, Fərmanda da qeyd olunduğu kimi bu sahədə də müvafiq qərarın verilməsi istər-istəməz bilavasitə “ASAN xidmət” təcrübəsinin tətbiqi məqsədi daşımalı idi.

“ASAN Kommunal” mərkəzləri Fərmanda da qeyd olunduğu kimi kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsi, göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkili və xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqini, vətəndaşların telefon və ya internetlə bağlı müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını, nəzarət və qiymətləndirmənin aparılması, həmçinin kommunal xidmətlərin göstərilməsi ilə əlaqədar ödənişlərin və digər haqların banklar, ödəmə terminalları və “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təşkil edəcək.

Ən mühüm cəhətsə ondan ibarətdir ki, “ASAN Kommunal” mərkəzləri həm fiziki, həm də hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərini vahid məkanda göstərmək məqsədilə yaradılır ki, “Azərişıq”, “Azərsu” Açıq Səhmdar Cəmiyyətləri (ASC) və Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin (İB) fiziki və hüquqi şəxslərə xidmət göstərdiyi sahələrdə bütün funksiyaları “ASAN Kommunal” mərkəzlərində həyata keçiriləcək. Üstəlik “ASAN Kommunal” mərkəzləri dövlət büdcəsindən deyil, aidiyyəti qurumların vəsaitləri hesabına maliyyələşəcək.

Bütün bunlar vətəndaşların işlərini asanlaşdıracaq və onlarda əlavə vaxt itkisinin qarşısını almaqla, xidmət və ödənişlər üzrə mövcud vəziyyətin yaxşılaşması ilə nəticələnəcək.

Yeri gəlmişkən, Fərmanda qeyd olunur ki, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun ölçülməsi üçün mütəmadi sorğuların (“exit-poll”) keçirilməsi də təmin olunacaq.

Lakin burada nəzərə alınması vacib olan bəzi cəhətlər var. Onlardan biri bundan ibarətdir ki, istər hüquqi, istərsə də fiziki şəxslərə kommunal xidmətlərin həyata keçirilməsindən öncə onun yaranma – istehsal mənbəyi də var. “Azərişıq”, “Azərsu” ASC-lər və o cümlədən, “Azəriqaz” İB məhz bunları təşkil edir. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə sözügedən qurumlarla müştərilərin bütün istiqamətlər üzrə əlaqə və münasibətləri sözsüz, keyfiyyətlə və yüksək səviyyədə həyata keçiriləcək. Ancaq sözügedən qurumların özlərində də istehsal prosesindən tutmuş, idarəetməyə qədər geniş təkmilləşdirmə işləri aparmağa ehtiyac var ki, istənilən məqsədə maksimum dəqiqliklə çatmaq mümkün olsun. Bu isə o deməkdir ki, xidmətlər istiqamətində heç bir maya dəyəri göstəricisi üzrə “şişmənin” baş verməməsi və ümumiyyətlə, təsərrüfat fəaliyyətinin səmərəliliyini fasiləsiz olaraq yaxşılaşdıqmaq üçün tədbirlər də həyata keçirmək tələb olunur.

Bu mənada, 3-cü özəlləşdirməyə aid ötən şərhlərimizdə də yazdığımız kimi, həyata keçiriləcək yeni özəlləşdirmə tədbirləri kommunal xidmət sahələrindən (mənbələrindən) start götürməklə, iqtisadiyyatın bütün sahələrini əhatə etsə prosesdən həm dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olması, həm iqtisadiyyatda canlanma əldə edilməsi, həm ölkəyə xatici investorların gəlməsi təmin olunar, həm də idarəetmə işi xeyli təkmilləşməklə, ölkədə dayanıqlı inkişafın əldə olunması təşkil edilərdi.

Təkrar edirik: məsələ bundadır ki, bu gün ölkədə təsərrüfat fəaliyyətinin yekunlarına görə bilavasitə dövlətin məsuliyyət daşıdığı müəssisə və subyektlər kifayət saydadır. Eyni zamanda, dövlətin kredit və sair öhdəliklərinə sonda cavabdeh olmaq məcburiyyəti qarşısında qaldığı subyektlər də mövcuddur ki, bu da olduqca təəssüf doğurur. Dövlət büdcəsindən subsidiyalaşmaya və dotasiya elementlərinə son qoyulmadığı təqdirdə iqtisadiyyatın hərtərəfli inkişafı, o cümlədən, əhaliyə, müəssisə və təşkilatlara heç bir istiqamətdə tam mənada keyfiyyətli xidmət mümkün deyil.

Digər bir cəhət isə ondan ibarətdir ki, məsələn, el arasında "JEK" kimi tanınan qurumların da gələcəkdə bütünlüklə ləğv olunmaları istiqamətində tələb olunan addımların atılması üçün “ASAN Kommunal” mərkəzləri bu və ya digər mənada təsiredici amil rolunu oynamalıdır. Və ümumiyyətlə, bu mərkəzlərin təşkili ilə sözügedən istiqamətdə daha bir zəmin yarandığı mütləq nəzərə alınmalıdır. Söhbət kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsinin keyfiyyətli təşkilindən gedirsə, bu məsələ sırf işıq, qaz və su verilməsini, başqa sözlə desək, təzhizatının yerinə yetirilməsini və yaxud da bu sahədə yığımların təmin olunması kimi detallar ilə məhdudlaşmalı deyil. Belə ki, gələcəkdə bir sıra sahələrdə istismar və yaxud amortizasiya xərclərinin qarşılanması kimi məsələlərin də “ASAN xidmət” təcrübəsindən istifadə əsasında təşkili məqsədəuyğun sayılardı...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti