Köçkünlər üçün yeni bina

Köçkünlər üçün yeni bina
  27 Noyabr 2014    Oxunub:1570
Hacıqabul rayonu ərazisində məcburi köçkünlər üçün yeni salınmış qəsəbədə işlər tam başa çatdırılıb və məcburi köçkünlərin köçürülməsinə başlanıb.
Bu barədə AzVision.az-a Azərbacan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Ümumilikdə bu günə kimi 89 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evləri tikilib, 46 min məcburi köçkün ailəsi və ya 210 min nəfər məcburi köçkün mənzillə təmin olunub. Həmin illər ərzində hərtərəfli infrastruktura malik məktəb, uşaq bağçası, tibb müəssisəsi və rabitə evi tikilib. Görülən tədbirlərin nəticəsidir ki, məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizə düşüb.

Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbə bütövlükdə 101 məcburi köçkün ailəsi üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına edilmiş Əlavələrin müvafiq bəndinə əsasən inşa olunub.

Ümumilikdə 30 hektar sahəni əhatə edən bu qəsəbənin ərazisində də, digər yerlərdə olduğu kimi, müasir standartlara tam cavab verən 150 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, ambulatoriya, poçt binası da tikilib.

Yeni yaşayış qəsəbəsi daimi elektrik, qaz, su ilə tam təchiz edilib.

Məktəbdə şagirdlərin ən yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait var. Təhsil ocağının sinif otaqları bütün zəruri inventar və əyani vəsaitlərlə təmin edilib. İdman zalı da bütün zəruri avadanlıqla təchiz olunub.

Hazırda Hacıqabul rayonu ərazisində yeni salınmış qəsəbəyə məcburi köçkünlərin köçürülməsinə başlanılmış və yaxın zamanlarda yekunlaşacaq.


Teqlər:





Xəbər lenti