Köçkünlər Dilqəm və Şahbaza görə narahatdır

Köçkünlər Dilqəm və Şahbaza görə narahatdır
  28 Oktyabr 2016    Oxunub:1875
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-də Bərdədə 588 məcburi köçkün ailəsi üçün salınan yaşayış məhəlləsində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iştirak edib.

Görüşdə məcburi köçkünlər problemlərinin həlli, yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərdən razılıqlarını ifadə ediblər. Ağdam rayonundan məcburi köçkün Ziyafət İsmayılov, Xocalıdan olan məcburi köçkün Elman Türbəndiyev, Kəlbəcər rayonundan məcburi köçkün Şakir Camalov və başqaları bildiriblər ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına daim diqqət və qayğı göstərir. Yaşayış məhəlləsində məcburi köçkünlər üçün hər cür şərait yaradılıb. Ancaq məcburi köçkünlərin ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır.

Məcburi köçkünlər, həmçinin qeyd ediblər ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü ilin iyulunda doğma torpaqlarında yaxınlarının qəbirlərini ziyarət edən zaman Ermənistan tərəfindən girov götürülüblər. Onlar bu gün də düşmən əsirliyindədirlər. Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsi üçün beynəlxalq təşkilatlar tərəfindən hələ də ciddi addımlar atılmayıb.

Ağdam rayonundan olan məcburi köçkün Çimnaz Hüseynova isə avropalı diplomatın diqqətinə çatdırıb ki, işğal olunmuş ərazilərimizdə ata-babalarının məzarları, dini ibadət yerlərimiz, o cümlədən məscidlər yerlə-yeksan edilib. Ancaq bu gün Bakıda erməni kilsəsi qorunub saxlanılır. Bu isə xalqımızın tolerantlıq ənənələrinin göstəricisidir.

Herbert Salber qeyd edib ki, Azərbaycana dəfələrlə səfər etsə də, Bakıdan kənarda məcburi köçkünlərlə ilk dəfədir görüşür. “Məcburi köçkünlərin həyat şəraiti ilə yaxından tanış olmaq, onların problemlərini dərindən öyrənmək mənim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Məcburi köçkünlər görüşün keçirildiyi saatlarda da erməni silahlı qüvvələri tərəfindən cəbhə xəttində atəşkəsin pozulduğunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin diqqətinə çatdırıblar.

Sonra avropalı qonaq yaşayış məhəlləsindəki tam orta məktəbdə yaradılan şəraitlə maraqlanıb. Məcburi köçkün uşaqlarla görüş zamanı şagirdlər öz doğma torpaqlarına qayıdaraq, orada təhsil almaq istədiklərini bildiriblər. Daha sonra körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanışlıq olub, Ağdam rayonundan məcburi köçkün Zərifə Camalovanın mənzilinə baş çəkilib.

Məlumat verilib ki, yaşayış kompleksində 588 mənzil, 640 şagird yerlik məktəb, 140 yerlik uşaq bağçası, ATS və digər inzibati binalar tikilib. Yaşayış məhəlləsi bütün infrastrukturla təmin olunub.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ərazidə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların problem və təkliflərini dinləyib, qaldırılan məsələlərin həllinin diqqətdə saxlanılacağını bildirib.

Jurnalistlərlə təəssüratlarını bölüşən Herbert Salber məcburi köçkünlər üçün gözəl şərait yaradıldığını deyib: “Hiss edirəm ki, region böyük narahatlıq doğuran regiondur. Məcburi köçkünlərin şəraitini gözlərimlə gördüm. Səfər nəticəsində ətraflı məlumat əldə edim. Burada lazımi şərait yaradılıb. Məcburi köçkünləri çox gözəl anlayıram. Onların əsas istəyi doğma torpaqlarına qayıtmaqdır”.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. “Biz regionda heç bir hərbi qarşıdurma istəmirik. Çünki hərbi münaqişədən günahsız insanlar, mülki əhali ziyan çəkir. Avropa İttifaqı olaraq münaqişənin sülh yolu ilə həllinə dəstək göstərməyə hazırıq”, – deyə Herbert Salber vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti