Kişiliyi öldürən cəmiyyət

Kişiliyi öldürən cəmiyyət
  27 May 2015    Oxunub:4628
Elnur Kəlbizadə

Əslində uzun zamandan bəri beynimdə dolanan bu mövzunu belə adlandırmayacaqdım. Sadəcə, bu yazını qələmə almağım ölkəmizdəki faciəli yanğınla eyni dövrə təsadüf etdiyindən, bu yanğın bir çox insanın taleyində olduğu kimi, bizim yazımızda da öz izini buraxdı.


Əslində hər şey çox sadə bir nüansdan başladı. Uzun zamandır müşahidə etdiyim bir şey var və əminəm ki, bunu mənim kimi hamınız müşahidə etmisiniz. Məktəblərə gedən uşaqların, xüsusilə, oğlan uşaqlarının çantalarını analarının daşıması. Bəli, ilk baxışdan burada qeyri-adi olan heç nə yoxdur. Axı onlar uşaqdır!

Amma məsələ orada qəlizləşir ki, valideynlərimiz cəmiyyət üçün uşaq tərbiyə etməyə başlayırlar. Və bunkü Azərbaycan cəmiyyətində tərbiyəli “uşaq”ların sayı sürətlə artır. Amma bu pisdir. İnanın ki, pisdir. Cəmiyyət üçün uşaq yox, vətəndaş tərbiyə etmək lazım idi.

Bu gün “uşağım yük daşımasın” düşüncəsiylə yanaşdığımız oğlan uşaqlarının çantasını daşıyan analar, bu cəmiyyəti “anauşağılaşdırmayın”! Bilirəm, indi onlarla həkiməbənzərlər, psixoloqcığazlar çıxıb deyəcək ki, çantalar ağırdır, bu uşağın inkişafına pis təsir edir¸onurğası əyilər və sair və ilaxır.

Bu humanist duruşunuzun qarşısında mən də prosesin artıq gəlmiş olan gələcəyini deyim. 12-13 yaşlı oğlan uşaqlarının məktəbli çantasını çiynində daşıyan əziz analar, bu uşaqlar 14 yaşında nəinki Şah İsmayıl kimi dövlət yükünü, heç 24 yaşında ailə yükünü də çəkə bilməyəcəklər. Şah İsmayıl demişkən yadıma düşdü. Heç fikir vermisinizmi, Azərbaycan kişisinin bir zaman çəkdiyi nərələr, artıq ciyilti və çığırtılarla əvəzlənib? Azərbaycan kişisi artıq düşməni qarşısında nərə çəkmir, heç bağırmır da, ən yaxşı halda evdə xanımının üstünə çığırır, ya da efirlərdə əzilib-büzülüb ciyildəməklə məşğuldur.

Əvvəllər 18-20 yaşlı Azərbaycan kişisi torpaq, ailə qoruyurdusa, indi 18-20 yaşında azərbaycanlı uşağı ata-anasından necə pul almaq haqqında düşünür. Ata-anadan pul almaq haqqında söz düşmüşkən. Bu yaxınlarda bir tanışım iş yerində rəhbər işçilərdən birinə aldığı 250 manat maaşla dolana bilmədiyini və mümkünsə maaşının artırılmasını istəyəndə, maraqlı bir cavab alıb: “Bütün cavan ailələrə valideynləri dəstək olur da, ata-ana, qaynata-qaynana kömək göstərmirlər ki?!.”

Əlbəttə ki, sual bu günki cəmiyyətimiz üçün kifayət qədər ritorikdir. Bizim cəmiyyət artıq yetkinləşmiş bir kişinin ata-ana, ya da qaynata-qaynana qucağına sığınmasını norma kimi qəbul edib. Könüllü yardımla, məcburi öhdəlik arasındakı fərqi unudub.

Cəmiyyət yüzlərlə bığlı-saqqallı oğlan “uşaqları” ilə dolub daşır. Televiziyalarımızın efirlərindən bütün günü görünüşcə kişi, daxilən isə ən yaxşı halda “uşaq” olan və bəzən hətta “qız uşağı” olan insanlar cəmiyyətin təhtəlşüuruna mənəvi terror etməklə məşğuldur. Müasirləşmək və inkişaf etmək adı altında xarici görünüşümüz “müasirləşib” “gözəlləşsə” də, bu görüntünün altında anormal bir inkişafdan qalma müşahidə olunur. Yanğın da o zaman baş verir ki, içimizdəki köhnəni dışımızdakı yeni və gözəl örtməyə çalışır.


Teqlər:





Xəbər lenti