Kəlağayı YUNESKO-nun siyahısına daxil edildi

Kəlağayı YUNESKO-nun siyahısına daxil edildi
  26 Noyabr 2014    Oxunub:3684
Azərbaycan kəlağayısı YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına daxil edilib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyinin "Twitter" səhifəsində məlumat yayılıb.

Eyni zamanda bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi də məlumat yayıb. Nazirlikdən bildiriblər ki, cari ilin 24-28 noyabr tarixində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası keçirilir. Sessiyanın bugünkü iclasında Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahıya daxil edilib.

Kəlağayı faylı Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmışdır.
Heydər Əliyev Fondu, AR Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə həyata keçirdikləri çoxşaxəli fəaliyyət nəticəsində Komitə kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş oldu.

Ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir.

Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini xanım Sevda Məmmədəliyeva çıxış edərək, Komitə üzvlərinə təşəkkür etdi və YUNESKO siyahısına daxil edilməsinin Kəlağayı sənətinin ölkəmizdə inkişafına kömək edəcəyini bildirdi.

Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Azərbaycan xalqını bu tarixi hadisə münasibətilə təbrik edirik.

AzVision.az


Teqlər:





Xəbər lenti