İtaliya qəzeti Azərbaycan-Türkiyə əlaqələrindən yazıb

İtaliya qəzeti Azərbaycan-Türkiyə əlaqələrindən yazıb
  20 Dekabr 2014    Oxunub:1334
İtaliyanın “Cronache internazionali” xəbər saytında Azərbaycan, Türkiyə və Gürcüstan əlaqələrinin təhlil olunduğu məqalə yerləşdirilib.
AzVisionaz AzərTac-a istinadən xəbər verir ki, son illərdə hər üç ölkənin regional əməkdaşlığa böyük maraq göstərdiyini qeyd edən müəllif bildirir ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması Türkiyə üçün olduqca önəmlidir.

Yazıda diqqətə çatdırılır ki, rəsmi Ankara hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Eyni zamanda, Azərbaycan və Gürcüstan da daim Türkiyə ilə əlaqələri inkişaf etdirməyə maraq göstərirlər. Bu, təkcə siyasi nöqteyi-nəzərdən deyil, eyni zamanda tarixi köklərin ortaq olmasından, oxşar mədəniyyətin, adət-ənənələrin mövcudluğundan irəli gələn bir məqamdır.

Müəllif yazır: “1990-ci illərin əvvəllərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi ilə nəticələnən Dağlıq Qarabağ münaqişəsi Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşmədi. Rəsmi Ankara Ermənistanla diplomatik əlaqələrini kəsərək sərhədlərini bağladı. Bu da Türkiyənin Azərbaycana nə dərəcədə önəm verdiyini göstərir”.

Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunun vurğulandığı məqalədə rəsmi Bakının Türkiyəni ən önəmli strateji tərəfdaş hesab etdiyi diqqətə çatdırılır. Bildirilir ki, bu iki ölkə arasında əməkdaşlıq təkcə iqtisadi sahədə deyil, digər sektorlarda da sürətlə genişləndirilir.

Məqalədə cari il dekabrın 10-da Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü ilə bağlı məlumatlar da yer alıb.



Teqlər:  





Xəbər lenti