İsmət Abasov nazirlə görüşdü

İsmət Abasov nazirlə görüşdü
  12 Fevral 2016    Oxunub:2412
Baş nazirin müavini İsmət Abasov fevralın 11-də ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə İsmət Abasova Macarıstanın Kapoşvar Universitetinin fəxri doktoru diplomu təqdim edilib.

Görüşdə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə iqtisadi sahədə əldə olunan nailiyyətlərdən danışıb. O, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirilib ki, son 12 ildə Azərbaycanda 1 milyon 500 min iş yeri yaradılıb ki, onlardan 1 milyonu daimi iş yeridir. Baş nazirin müavini həmin dövrdə Azərbaycanda ən müasir standartlara uyğun 3 min məktəbin, 600 xəstəxananın, 41 Olimpiya İdman Kompleksinin tikildiyini söyləyib. Eyni zamanda, ölkəmizdə müasir sosial infrastruktura malik 89 köçkün qəsəbəsinin yaradıldığı və 225 min insanın yeni evlərə köçürüldüyü qonağın diqqətinə çatdırılıb.

Azərbaycanın münbit investisiya mühitindən danışan İsmət Abasov bildirib ki, ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 milyard dollar sərmayə qoyulub. Bunun 100 milyard dolları xarici sərmayədir. Diqqətə çatdırılıb ki, son 12 ildə ölkəmizdə 70 mindən çox müəssisə yaradılıb, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib. Azərbaycanda müasir turizm infrastrukturunun formalaşdırılmasından söz açan Baş nazirin müavini ölkəmizdə 300-ə yaxın mehmanxana və dünya səviyyəli kurortlar yaradıldığını, 10 min kilometrdən çox avtomobil yolunun tikildiyini və əsaslı təmir olunduğunu, müasir körpülərin və yol qovşaqlarının inşa edildiyini vurğulayıb. (Azərtac)


Teqlər:  





Xəbər lenti