İran ittihamları qəbul etmədi - Nardaran bəyanatı

İran ittihamları qəbul etmədi - Nardaran bəyanatı
  01 Dekabr 2015    Oxunub:6770
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bu gün bəyanatla çıxış edib.
AzVision.az xəbər verir ki, bəyanatda İranın Nardaranda baş verən hadisələrlə heç bir əlaqəsinin olmaması bildirilir: `İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb. İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub.

Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib`.

Bəyanatda qeyd olunub ki, İran beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü hərtərəfli dəstəkləməsi və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin günbəgün genişlənməsi ölkələrimizin, xüsusilə iki ölkənin möhtərəm prezidentlərinin əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi üçün iradələrinin göstəricisidir:

"Şübhəsiz İran ilə Azərbaycanın regionda yaxınlaşması və ikitərəfli əməkdaşlıqların inkişafı, özəlliklə iki ölkənin xalqları arasında yaxınlıq iki ölkənin başıucalılığını və hörmətini istəməyənlər üçün ciddi təhlükədir və bu qüvvələr müxtəlif vaxtlarda iki ölkə münasibətlərində uçurum yaratmaq üçün cari hadisələrdən istifadə edirlər".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti