İnsan hüquqları üzrə birgə işçi qrup bərpa olundu

İnsan hüquqları üzrə birgə işçi qrup bərpa olundu
  22 Oktyabr 2014    Oxunub:1591
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Avropa Şurasının Baş katibi cənab Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək 2014-cü il oktyabrın 22-də iclas keçirib.

İşçi qrupunun yaydığı press-relizdə deyilir ki, onun tərkibinə Azərbaycan Respublikasının millət vəkilləri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşları, ölkədə tanınmış hüquq müdafiəçiləri, o cümlədən BMT-nin strukturlarında məşvərətçi statusa malik olan beynəlxalq qeyri-hökumət təşkilatların Azərbaycandakı nümayəndələri daxildir.

İclasda dövlətin vətəndaş cəmiyyəti ilə açıq və səmərəli dialoq aparmaq üçün siyasi iradəsi qeyd edilərək işçi qrupunun bu dialoqa öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.

İşçi qrupunun üzvləri qrupun 2005-ci ildə imzalanmış Memorandumuna istinad edərək Azərbaycan cəmiyyətinin insan hüquqları ilə bağlı məsələləri belə dialoq yolu ilə səmərəli şəkildə həll etmək niyyətini təsdiq ediblər.

Qrupun üzvləri hüquqlarının pozulduğu ehtimal edilən şəxslərlə bağlı məsələləri müzakirə etməyə və bu məsələlərin həlli üçün hüquq müstəvisində zəruri tədbirlər görməyə, bu məqsədlə müvafiq dövlət orqanlarına, o cümlədən məhkəmələrə təkliflər verməyə hazır olduqlarını bildiriblər.



Teqlər:





Xəbər lenti