İlham Əliyevi təbrik etdilər

İlham Əliyevi təbrik etdilər
  23 May 2015    Oxunub:1645
Belarus, Qazaxıstan və Çin rəhbərləri Azərbaycan prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik ediblər.
Belarus prezidenti Aleksandr Lukaşenkonun azərbaycanlı həmkarına ünvanladığı məktubda deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Belarus xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul edin. Biz qardaş Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərə ürəkdən sevinirik. Azərbaycan dövlətinin sabit və dinamik inkişafı ictimai rifahın yüksəlməsinə, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına, dünya səviyyəli müasir layihələrin həyata keçirilməsinə xidmət edir.

Əminəm ki, Belarus ilə Azərbaycanın qarşılıqlı əlaqələrinin daha da inkişafı üçün əhəmiyyətli potensialımız vardır. Bizim birgə fəaliyyətimiz mehriban qonşuluq və dostluq ənənələri ruhunda əməkdaşlığa gözəl nümunədir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün arzularınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm”.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təbrik məktubunda isə qeyd edilir ki, onun rəhbərlik etdiyi dövlət qardaş Azərbaycan xalqı ilə münasibətlərin inkişafına xüsusi önəm verir. “Ölkələrimiz arasında siyasi, ticari, iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsi buna sübutdur.

Əminəm ki, ölkələrimiz arasında dostluğa və qarşılıqlı hörmətə əsaslanan konstruktiv və çoxşaxəli əməkdaşlıq əlaqələri qardaş xalqlarımızın rifahı naminə gələcəkdə də inkişaf edəcək. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm”, - deyə məktubda bildirilir.

Çin Xalq Respublikasının sədri Si Cinpinin adından ünvanlanan məktubda isə qeyd olunur ki, son illər ərzində Azərbaycanın ictimai-siyasi və iqtisadi inkişafında mühüm nailiyyətlər əldə edilib, xalqın rifahı daim yüksəlir.

“Bu uğurlara Azərbaycanın səmimi dostu və etibarlı tərəfdaşı olan Çində ürəkdən sevinirik. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan dövlət quruculuğu və müstəqilliyin möhkəmləndirilməsi kimi məsuliyyətli işdə daim yeni-yeni uğurlar əldə edəcəkdir. Hazırda Çin ilə Azərbaycan arasında qarşılıqlı siyasi inam daim dərinləşir, xalqlarımızın rifahı naminə bütün sahələrdə işgüzar əməkdaşlığımız genişlənir və məhsuldar nailiyyətlər əldə olunur.

Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük önəm verirəm və bu münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün Sizinlə birgə çalışmağa hazıram. Azərbaycana qüdrət və tərəqqi, xalqınıza xoşbəxtlik, Sizə möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzu edirəm”, - deyə məktubda qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti