İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR

İlham Əliyev yeni səfirləri qəbul etdi - FOTOLAR
  28 Mart 2015    Oxunub:1699
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib.

Səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dik Esparon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə etdi. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Humberto Vinueza Rodriqezin etimadnaməsini qəbul edib.

Səfir Humberto Vinueza Rodriqez fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Humberto Vinueza Rodriqez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd etdi. Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Humberto Vinueza Rodriqez Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş etdi.

Qalereya




Teqlər:





Xəbər lenti