İlham Əliyev vitse-prezidenti qəbul edib

İlham Əliyev vitse-prezidenti qəbul edib
  28 Sentyabr 2016    Oxunub:1301
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanı qəbul edib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan-Bolqarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın dostluq münasibətlərinə əsaslandığını bildirib.

Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd edən prezident İlham Əliyev qonağın V Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirakının önəmini vurğulayıb. İki ölkə arasında humanitar sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini deyən dövlət başçısı bu yaxınlarda Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə mühüm bir tədbirin keçirildiyini qeyd edərək Bolqarıstan hökuməti, baş naziri və digər rəsmi şəxslər tərəfindən göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu tədbirin ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin göstəricisi olduğunu və yaxın tərəfdaşlığı davam etdirmək niyyətini nümayiş etdirdiyini vurğulayıb.

M. Popova isə prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan hökumətinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edərək səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib. Qonaq indiki dövrdə beynəlxalq aləmdə mövcud olan gərginlik fonunda Azərbaycanda belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Ölkəmizin artıq bir neçə ildir ki, təşkil etdiyi Ümumdünya Mədəniyyətlərarası Forum, Humanitar Forum kimi beynəlxalq tədbirlərin böyük önəm daşıdığını deyən Bolqarıstanın vitse-prezidenti bu tədbirlərin getdikcə daha çox siyasi əhəmiyyət qazandığını vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti