İlham Əliyev və xanımının vətəndaşlarla səmimi söhbəti

İlham Əliyev və xanımının vətəndaşlarla səmimi söhbəti
  19 Oktyabr 2014    Oxunub:7054
Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad Xan küçəsində olublar.

Dövlət başçısı və xanımı burada sakinlərlə görüşüb söhbət ediblər.

Prezident İlham Əliyev: Salam, necəsiniz?

Sakin: Çox sağ olun, cənab Prezident. Oğlum bayaqdan Sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib.

Prezident İlham Əliyev: Neçə yaşı var?

Sakin: Beşinci sinifdə oxuyur.

Prezident İlham Əliyev: Adın nədir?

Uşaq: Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban Əliyeva: Sən də bizi çağır, gələk sənin ad gününə.
Prezident İlham Əliyev: Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?

Emin: 19 mart.

Prezident İlham Əliyev: Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.

Mehriban Əliyeva: Uğurlar sizə.

Sakinlər: Xoş gəlib, səfa gətirmisiniz. Allah Sizi qorusun. Həmişə Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev: Mehriban xanım, bu, Zinger qardaşlarının binası olub. Binanın fasadında “Zinger” tikiş maşınının emblemi də durur. İndi yaşayış binasıdır.

Küçədəki çayxananın qarşısından ötən Prezident İlham Əliyevi salamlayan sakinlər dedilər:

Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Çox sağ olun. Bayramınız mübarək olsun. Bu gün Müstəqillik Günüdür. Sizi ürəkdən təbrik edirəm. Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə çevrilib.

Sakin: Möhtərəm cənab Prezident, Gəncəyə xoş gəlmisiniz. Gəncəlilər Sizi çox sevirlər. Bu gün Gəncədə olan obyektlərə baxdınız. Gəncə həmişə şeir, musiqi Vətəni sayılıb. Ancaq bir yaxşı filarmoniyamız, Dram Teatrımız yox idi.

Prezident İlham Əliyev: İndi olacaq.

Sakin: Bəli, Sizə minnətdarıq, təşəkkürümüzü bildiririk. Allah Sizi qorusun. Mehriban xanıma da minnətdarıq. Sizin də bayramınız mübarək olsun.

Sonra dövlətimizin başçısı və xanımı Cavad Xan küçəsindəki türk restoranına baş çəkdilər.

Restoran işçiləri: Xoş gəlmisiniz. Buyurun qonağımız olun. Biz əsasən türk yeməkləri bişiririk.

Prezident İlham Əliyev: Siz özünüz haralısınız?

Restoranın işçisi: Qaziantepdənəm. Restoranımıza gəldiyiniz üçün Sizə minnətdarıq.

Prezident İlham Əliyev: Sizə uğurlar arzulayıram, sağ olun.

Daha bir neçə sakin dövlətimizin başçısını və xanımını səmimiyyətlə salamlayıb dedilər: “Bizim gözəl Gəncəyə xoş gəlmisiniz. Sizə cansağlığı arzu edirik. Bizim Gəncə Sizin sayənizdə gündən-günə gözəlləşir, inkişaf edir”.

Prezident İlham Əliyev: Sağ olun. Sizə uğurlar arzu edirəm.

Dövlət başçısı və xanımı gəzinti zamanı sakinlərlə xatirə şəkilləri çəkdirdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti