İlham Əliyev şirkət rəhbərini qəbul edib
“Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan dövlətimizin başçısı əməkdaşlığımızın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını dedi və bunun üçün səyləri artırmağın zəruriliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğuladı. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı bu münasibətlərin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını bildirdi. Dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd etdi.
Rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə bundan sonra da əməkdaşlığa sadiq olduğunu bildirən Van Zulkifli Van Ariffin ölkəmizdəki investisiya mühitinin çox yaxşı olmasından məmnunluğunu ifadə etdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın bütün sahələrdə “Petronas” şirkəti üçün böyük önəm daşıdığını vurğulayan qonaq “Petronas” şirkətinin ölkəmizdə fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirdi. “Şahdəniz” yatağının işlənməsində əməkdaşlığa toxunan Van Zulkifli Van Ariffin “Petronas” şirkətinin bu layihənin həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini dedi.
Teqlər: