İlham Əliyev Sumqayıtda - Yenilənib (Fotolar)

İlham Əliyev Sumqayıtda - Yenilənib (Fotolar)
  27 Sentyabr 2016    Oxunub:11296
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib.

AzVision.az-ın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi parkda və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verib.



Daha sonra İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Diqqətə çatdırılıb ki, yenidənqurmadan əvvəl burada səki olmayıb. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib.



Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub. Qeyd olundu ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri Sumqayıt Dövlət Dram Teatrının 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Ümumilikdə, teatrın binasının əsaslı təmiri və yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi diqqət və qayğını təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır. Sonra Azərbaycan Prezidentinə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.



Eyni zamanda Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevə küçənin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolun 4 min metrinə “Azəryoltikinti” ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.



Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda Şahmat Məktəbinin açılışında da iştirak edib. Dövlət başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidentinə məlumat verilib ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur. Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış olub.



Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub. Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.



Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında da iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Məlumat verildi ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub. Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti