İlham Əliyev Roqozinlə Soçi görüşünü müzakirə etdi

İlham Əliyev Roqozinlə Soçi görüşünü müzakirə etdi
  15 Sentyabr 2014    Oxunub:1572
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd edib.

Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan prezident, həmin görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğulayıb. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən ölkə başçısı, D. Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini söyləyib.

Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran D. Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğulayıb. O, komissiyanın bugünkü iclasında dövlət başçılarının Soçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti