İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında

İlham Əliyev Heydər Əliyev Mərkəzinin açılışında
  22 İyul 2014    Oxunub:1117
İyulun 22-də Xızıda Heydər Əliyev Mərkəzi açılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulmasında, respublikamızın hərtərəfli inkişafında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkəmizin bütün bölgələrində, o cümlədən Xızıda mühüm işlər görülür və vacib layihələr reallaşdırılır. Rayonun mərkəzində yeni tikilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb.
Burada Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, bu böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən foto, kitab və digər vəsaitlərə geniş yer verilib. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin təbliği, Azərbaycan vətəndaşlarının dünyada gedən müasir proseslər çərçivəsində öz vətəni, milləti və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərini gerçəkləşdirmək əzminin reallaşması baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzi həm də Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb. Müasir interyeri ilə diqqəti cəlb edən Mərkəzin foyesində Ümummilli Liderin büstü qoyulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə dair tarixi sənədlərə geniş yer verilib. Burada Ümummilli Liderin həyatının uşaqlıq, gənclik və tələbəlik illəri, həmçinin sovet və müstəqillik dövrünə aid müxtəlif fotoları maraqla qarşılanır. Bu fotolarda Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyinin müxtəlif məqamları əks olunub. Bundan başqa, Mərkəzdə Ümummilli Liderlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir.

Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Son illərdə respublikamızda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində yeni ailə quran gənclərin nikah mərasimlərinin təşkili kimi xoşməramlı tədbirlərə də başlanıb. Qeyd edildi ki, bu Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.

Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Açıq sərgi salonunda maraqlı rəsm nümunələri sərgilənir. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Bu dərnəklər gənclərin müxtəlif sənətlərin sirlərinə yiyələnməsinə, onların asudə vaxtının səmərəli təşkilinə geniş imkanlar yaradır. Mərkəzdəki komyuter otağı, rəsm və dizayn studiyaları, virtual sinif də müasirliyi ilə diqqəti cəlb edir. Burada rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb. Mərkəzdəki 230 yerlik akt və kiçik konfrans zallarında ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin, o cümlədən ulu öndər Heydər Əliyevin zəngin irsinin geniş təbliği məqsədilə açıq dərslərin keçirilməsi nəzərdə tutulub. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.

Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Əməkdar Müəllim Xatirə Şahgəldiyeva Prezident İlham Əliyevə rayon sakinlərinin təşəkkürünü çatdırdı.

Sonda xatirə şəkli çəkdirildi.


Teqlər:





Xəbər lenti