İlham Əliyev Füzulidə - YENİLƏNİB + FOTOLAR

İlham Əliyev Füzulidə - YENİLƏNİB + FOTOLAR
  29 Avqust 2014    Oxunub:4013
Avqustun 28-də Prezident İlham Əliyev Füzuli rayonuna səfərə gəlib

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.

Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulilərə göstərdiyi diqqət və qayğıya görə dövlətimiz başçısına minnətdarlığını bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz tikiş fabrikinin açılışında iştirak edib.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.

Bütün bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin artıq uğurlu nəticələr verdiyini təsdiqləyir. Bu, bir reallığı da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən aradan qaldırılır və yeni istehsal sahələrinin yaradılması ilə ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndirilir.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydandan bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib.

Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür.

Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.

***

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 4 qrup yaradılıb və bağçada uşaqların istirahəti üçün geniş imkanlar var.

Uşaqların günün yarısını bağçada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil ocağında da onların keyfiyyətli təlim-tərbiyəsi vacib amil kimi götürülüb. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bundan əlavə, onların məntiqi və əqli imkanlarının inkişaf etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.

***
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib. Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində yaradılmış şəraitlə tanış oldu. Dövlətimizin başçısı evin sahibləri ilə çay süfrəsi arxasında söhbət etdi.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayonuna səfəri çərçivəsində Əhmədalılar – Mollaməhərrəmli – Arayatlı –Babı kəndlərarası avtomobil yolunun açılışında iştirak edib.

Bu yol Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış oldu.

***
Avqustun 28-də Azərbaycan Respublikasının Prezident İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Qalereya




Teqlər:  





Xəbər lenti