İkili vətəndaşlığı olan azərbaycanlılara XƏBƏRDARLIQ

İkili vətəndaşlığı olan azərbaycanlılara XƏBƏRDARLIQ
  17 Aprel 2015    Oxunub:25312
“Cənab prezidentin imzası ilə Milli Məclisə Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil olub”.

Bunu AzVision.az-a açıqlamasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. Onun sözlərinə görə, bu qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində artıq müzakirədən keçib:

“Cinayət Məcəlləsinə yeni bir maddə 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsi əlavə edilməsi təklif edilib. Yəni maddənin dispazisiya hissəsində göstərilir ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına 1 ay müddətində yazılı məlumat verilməlidir. Bu məlumat verilmədikdə həmin şəxsi 3 min manatdan 5 min manata qədər cərimə, yaxud da 360 saatdan 480 saata qədər ictimai işlərlə cəza gözləyir. Bildiyiniz kimi ölkəmizdə ikili vətəndaşlıq yoxdur.

Buna görə də bizim soydaşlarımızın bir çoxları bəzi ölkələrin vətəndaşlığını əldə etsələr də, Azərbaycan vətəndaşlığını da saxlayırlar. Qanuna görə onlar başqa dövlətin vətəndaşlığını aldıqdan sonra bizim ölkənin vətəndaşlığından çıxarılmalıdırlar. Ölkəmiz ikili vətəndaşlıq anlayışını qəbul etməyibsə, onda vətəndaşımız digər ölkənin vətəndaşlığını qəbul etdikdə, Azərbaycanın müvafiq orqanlarına yazılı məlumat verməlidir”.

Bu qanunun bundan əvvəl digər ölkənin vətəndaşlığını qəbul edən şəxslərə şamil olunması məsələsinə gəlincə, millət vəkili bildirib ki, qanun qəbul edildikdən sonraya tətbiq olunur.

“Bu ağırlaşdırıcı hal olduğu üçün bundan əvvəlki dövrlərə tətbiqi hələ dəqiq deyil. Hesab edirəm ki, qanunun aliliyinə hörmət naminə vaxtından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı hansısa ölkənin vətəndaşlığını qəbul edibsə, bu haqda məlumat verməsi məqsədə uyğun olardı”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti