Hövsanı qarışdıran məktəb direktoru işdən azad edildi

Hövsanı qarışdıran məktəb direktoru işdən azad edildi
  24 Yanvar 2015    Oxunub:3480
Hövsandakı 118 saylı məktəbin direktoru Qardaşxan Səlimov tutduğu vəzifədən dünən rəsmən azad edilib.
AzVision.az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına məktəbin müəllimləri məlumat veriblər.

Qeyd edək ki, 118 saylı məktəbdə təhsil alan şagirdlərin valideynləri yanvarın 19-da qəsəbədə etiraz aksiyası keçirərək məktəb direktorunun işdən çıxarılmasını və şagirdlərə göstərdiyi münasibətə görə cəzalandırılmasını tələb etmişdilər. Sakinlər bildirmişdilər ki, şagirdlər tarix müəlliminin uzun müddət işə gəlməməsi ilə bağlı direktordan başqa müəllimlə əvəz olunmasını istəyəndə sonuncu onlara qeyri-etik cavab verib.

Bundan əlavə, sakinlər Qardaşxan Səlimovun məktəbə rəhbərlik etdiyi dövrdə övladlarının təhsil səviyyəsinin aşağı düşdüyünü bildirmişdilər.

“Bu məktəbdə elə şagirdlər var ki, 2-3 ilə məktəbi bitirəcəklər, ancaq adlarını da yaza bilmirlər” - deyən sakinlər bunun günahını müəllimlərdə və direktorda görürdülər.

Məktəbin qarşısında keçirilən aksiya zamanı şəxsi avtoimobili ilə ora gələn məktəb direktoru vəziyyətin daha da qızışmasına zəmin yaratmışdı. Nəticədə Hövsan sakini, 21 yaşlı Elmar Əliyev dünyasını dəyişmişdi.

Baş verənləri hüquq-mühafizə orqanları yox, Bakı Şəhəri üzrə Təhsil Şöbəsi araşdırıb. Elə həmin gün hadisə yerinə gələn idarə rəsmiləri direktorun araşdırmalar başa çatana qədər vəzifəsinin icrasından kənarlaşdırıldığını bildirmişdilər.

İndi isə belə məlum olur ki, direktor işdən birdəfəlik və rəsmən azad olunub. Həmin məktəbin müəllimləri virtualaz.org saytına bildiriblər ki, hazırda məktəbə təhsil şöbəsi tərəfindən ciddi nəzarət var. Yeni direktor hələ təyin edilməyib deyə məktəbə rəhbərlik hələlik təhsil şöbəsi tərəfindən həyata keçirilir.

Bu məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyi mətbuat xidməti ilə əlaqə saxladıq. Nazirlikdən virtualaz.org saytına bildirildi ki, onlarda bu əmr barədə məlumat yoxdur: “Biz direktorun araşdırmalara başa çatana qədər işdən kənarlaşdırılması barədə rəsmi məlumat yaymışıq. Hələlik araşdırma gedir”.


Teqlər:  





Xəbər lenti