Hesablama Palatasının sədrindən büdcə ilə bağlı RƏY

Hesablama Palatasının sədrindən büdcə ilə bağlı RƏY
  02 Oktyabr 2015    Oxunub:2009
`Dövlət Neft Fondundan daxilolmaların azaldılması neft gəlirlərindən asılılığın azaldılması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir`.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin Azərbaycan Respublikasının 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsinə dair birgə iclasında çıxışı zamanı deyib.

AzVision.az xəbər verir ki, o, 2016-cı il üçün dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbətinin 25,2% səviyyəsində proqnozlaşdırıldığını, dövlət büdcəsinin gəlirlərinin 46,5%-nin qeyri-neft sahələrindən gəlirlərin təşkil edəcəyini bildirib.V. Gülməmmədov Azərbaycan Respublikası Dövlət Neft Fondundan daxilolmaların cari illə müqayisədə az nəzərdə tutulduğunu, bu tendensiyanın 2014-cü ildən başladığını və bunun büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini və bu meylin neft gəlirlərindən asılılığın azaldılması istiqamətində atılan addım kimi qiymətləndirildiyini qeyd edib.

Palata sədri 2015-ci ilin ötən dövrünün, müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu proseslərin doğurduğu gözlənilməz və ehtimal olunan nəticələr, həmçinin, bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə olunduğunu, qeyd olunan qeyri-müəyyənliklər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafının qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirdiyini və beynəlxalq aləmdə güvənli tərəfdaş olduğunu bir daha sübut etdiyini diqqətə çatdırıb.


V. Gülməmmədov dövlət büdcəsinin sosial sahədə və ölkənin təhlükəsizlik xərclərində proqnozlaşdırılmış artımının hər iki sahənin iqtisadi sistemin dəyişkən davranışı fonunda dövlətin əsas prioritetləri olduğunu diqqətə çatdırıb.

İnvestisiya xərclərinin həcminin dövlətin uzunmüddətli strateji sənədlərində öz əksini tapan hədəflərə nail olunması məqsədilə müəyyən edildiyini qeyd edərək, Palata sədri, növbəti ildə yalnız keçid layihələrinin maliyyələşdirilməsinin nəzərdə tutulmasını daha çox obyektlərin başa çatıdırılması yolu ilə vəsaitlərin istifadəsinə səmərəli yanaşma kimi qiymətləndirildiyini, ümumiyyətlə, növbəti ildə dövlət büdcəsi xərclərinin istiqamətlərinin konktretləşdirilməsi məqsədini daşıyan addımların atıldığını, şəffaflığın yüksəldilməsi istiqamətində sair xərclərin azaldıldığını da bildirdi.

Büdcə kəsiri və dövlət borcu ilə bağlı əsas məqamları millət vəkillərinin diqqətinə çatdıraraq, V. Gülməmmədov, bu istiqamətləri xarakterizə edən və beynəlxalq təcrübədə istifadə edilən indikatorlar, həmçinin, Palatanın ayrı-ayrı məsələlərlə bağlı mövqeyi üzrə məlumat verdi.

Sonda, Palata sədri, 2016-cı ilin dövlət büdcəsinin də müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində formalaşdırıldığını, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığını və təqdim edildiyini vurğulamaqla, Hesablama Palatasının Kollegiyası tərəfindən Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsini tövsiyə edilməsi ilə bağlı qərarını millət vəkillərinin diqqətinə çatdırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti