Hərbi hissə komandanlıqlarına tövsiyə

Hərbi hissə komandanlıqlarına tövsiyə
  18 Aprel 2015    Oxunub:1356
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırdığı plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Aparatın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun əməkdaşı Murad Babayev Daxili Qoşunların və FHN-in Mülki Müdafiə Qoşunlarının Bərdə rayonundakı “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçirib.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxış keçirilib, şərait, habelə rəftar və qidalanma vəziyyəti, müalicənin keyfiyyəti müsbət qiymətləndirilib.

Ombudsman Aparatının əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda söhbətlər aparıb, çoxsaylı suallar cavablandırılıb. Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıblar.

Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlıqlarına müvafiq tövsiyələr verilib, habelə ombudsman təsisatında hazırlanmış insan hüquqları sahəsində çoxsaylı nəşrlər hərbi hissələrə hədiyyə edilib.



Teqlər:





Xəbər lenti